"Əcnəbi məşqçi Azərbaycan millisindəki vəziyyəti düzəldə bilməyəcək, Qurban Qurbanova daha çox vaxt verilsəydi yaxşı idi"

13:37 - 12 Oktyabr 2021

"Azərbaycan millisindən İrlandiya ilə görüşdə daha çoxunu gözləyirdim. Əslində, İrlandiya ilə matçda ümidlər hamıda çox idi. Çünki Dublində yığma çox yaxşı oynamışdı. Amma bu dəfə uduzdular".

Bu sözləri Sportal.az saytına açıqlamasında Aleksandr Çertoqanov deyib.

Vaxtilə Azərbaycan millisində çıxış etmiş veteran futbolçu yığmamızın baş məşqçi postu ilə bağlı da danışıb: "Düşünürəm ki, Azərbaycan millisində hələ ki, yalnız yerli məşqçi çalışa bilər. Əcnəbi məşqçi Azərbaycan millisindəki vəziyyəti düzəldə bilməyəcək. Qurban Qurbanova daha çox vaxt verilsəydi, yaxşı olard".

Milli komandamızın veteranı bu gün Serbiyaya qarşı oynayacaq millimizə şans verməyib. Bununla yanaşı yığmamızda yer alan futbolçuların klublarında yaxşı oynayıb, millidə eyni effekti verə bilmələrinə münasibət bildirib: "Serbiya ilə oyun çox çətin keçəcək. Onlar güclü komandadı. Hər hansı sürpriz gözləmirəm, Serbiya millisi qalib gələcək. Futbolçulara gəldikdə, milli və çempionatlar eyni deyil. Millidə ölkəsinin ən güclüləri oynayır. Polşa, Portuqaliya çempionatları yaxşı durumdadı. Amma milli oyunlarının səviyyəsi daha yüksəkdi".

"Deməzdim ki, bizim vaxtımızda milli bir az güclüydü. Biz özümüz də o qədər parlaq deyildik. Amma nəticələr hardasa yaxşı idi. Səbəb də çempionatın səviyyəsi idi" - deyə, Aleksandr Çertoqanov deyib.

Xəbər xətti