De Byaziyə görə qurulan kələk

15:03 - 14 Oktyabr 2021

Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində qrupu sonuncu pillədə tamamlayacaq.

 

10 milyonluq büdcəyə sahib yığma, ildə 2 milyon manat məvacib alan baş məşqçi üçün olduqca “uğurlu” nəticədir.

 

Belə görünür ki, De Byazi bu “uğurdan” vəcdə gəlib və Azərbaycanda işini davam etdirmək niyyətindədir. O da görünür ki, italyanı Azərbaycan gətirənlər də onun burda qalmasında maraqlıdırlar. Artıq ictimai rəyə yönələn açıqlamalar verilir.

 

Əslində isə bunu De Byazinin saxlanılması üçün qurulan kələk də adlandıra bilərik.

 

İtalyan məşqçi əvvəlcə dedi ki, gənc komandamız var və gələcəkdə bu yığmadan uğur gözləmək olar. Yəni demək istəyir ki, məni saxlasanız, növbəti seçmə mərhələdə uğur olacaq.

 

Əslində özü də, biz də yaxşı bilirik ki, heç bir uğur olmayacaq. Amma De Byazi bir seçmə mərhələ dövründə 2 milyon manatı qatlayıb cibinə qoyacaq axı. Ona görə də, belə vəd verməsi təbiidir. Lotudur, mən ölüm.

 

Hazırkı AFFA rəhbərliyi də düz 13 ildir ki, belə vədlər verir. 2008-ci ildə demişdilər ki, əsas məqsəd 2016-cı ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır.

 

Sonra DÇ-2018-dən dəm vurdular, daha sonra Avro-2020 vədi verdilər. Onlar da lotudurlar. Lotu da lotunun ayağını tapdalamaz heç vaxt.

 

Hə, onu deyirdim axı, De Byazi gələcəyin möhtəşəm komandası haqda vəd verəndən sonra, məlum olur ki, italyan Kosova yığmasını çalışdırmaq istəyir. Guya onlara müraciət edib. Bu da blefdir.

 

Yəni bizə demək istəyirlər ki, bax, buraxsaq, gedər ha. Birincisi, Kosova futboluna rəhbərlik edənlər axmaq deyillər ki, seçmə mərhələdə bir xal toplayan baş məşqçiyə güvənsinlər.

 

İkincisi, kosovalılar onu çağırsalar da, Canni ora getməz. Niyə? Ona görə ki, Kosova yığmasının baş məşqçisinin aylıq məvacibi vur-tut 5 min avrodur.

 

De Byazi acından köpük qusar Kosovada. Azərbaycanda komfort həyata öyrəşmiş, ayda 80 min avro məvacib alan bir adam nə ölüm axtarır Kosovada?

 

Bu da blefdir. Yəni De Byazi və onu Azərbaycana gətirənlərin növbəti kələkbazlığı. Guya ictimai rəyə təsir edirlər. Ay sizi, kələkbazlar.

 

Bu kələyiniz çox sadədir. “İstedadlı dələduzlar”ın kələyi də, gərək sanballı olsun axı. Başqa kələk fikirləşin.

 

Natiq Muxtarlı

Xəbər xətti