Litva millisinin futbolçusu, “Səbail”in yarımmüdafiəçisi Domantas Şimkus Sportal.az saytına müsahibə verib:
- Millidən nə vaxt qayıtmısan?
- 2 gün əvvəl millinin düşərgəsindən ayrıldım və Bakıya gəldim. 10 gün idi ki, millinin düşərgəsindəydim. İndi “Səbail”in heyətindəyəm və oyuna hazırlığımızı başa vurmuşuq.
- Litva millisinin heyətində 2 oyunun şahidi oldun. Bolqarıstanı məğlub edib, İsveçrəyə uduzdunuz. Bu 2 matç necə alındı sizin üçün?
- Hər 2 oyun ağır alındı. Bolqarıstan kimi güclü komandanı məğlub etdiyimizə görə şadıq. Onların güclü heyəti var. Gözəl oyun alındı. İsveçrəyə qarşı isə bəxtimiz də gətirmədi. Avropanın ən güclülərindən hesab edilirlər. İstənilən halda bizim üçün yaxşı təcrübə oldu.
- Heç bir oyunda meydana çıxmadın. Valdas İvanauskas nəyə görə şans vermədi?
- Baş məşqçinin qərarlarına hörmətlə yanaşıram. Amma növbəti matçlarda oynayacağıma da ümid edirəm. Uğurlu da alınacağına inanıram.
- İvanauskasın əvvəllər Azərbaycanda işləməsindən xəbərdarsan? Heç səninlə söhbət edib bu haqda?
- Bəli, İvanauskasın bir müddət Azərbaycanda çalışmasından xəbərdaram. Amma indiyə qədər Azərbaycanla bağlı danışmağımız alınmayıb.
- Azərbaycan millisinin nəticələrilə maraqlanırsan? Litva da qrupda sonuncudu, Azərbaycan da. Hər iki komanda eyni səviyyədə, zəif olduğunu demək olar?
- Azərbaycan və Litva millilərini zəif adlandırmazdım. Hər 2 ölkədə futbol inkişafa doğru gedir. Litva və Azərbaycan millilərinin eyni səviyyədə olması məsələsilə isə razıyam.
- Bəs, Litva və Azərbaycan millisi gələcəyə ümid vəd edir? Azərbaycanda tez-tez deyirlər ki, ölkə xaricində oynayan futbolçularımız azdı deyə, milli uğursuz çıxış edir. Litva millisinə baxanda isə, legionerləriniz yetərincə olsa da, uğurlu çıxış etmirsiz. Bəlkə problem başqadı?
- İnanıram ki, hər şey yaxşı olacaq. Həm bizim, həm də Azərbaycanın qrupda güclü rəqibləri var idi. Hamı çalışır. Ümid edək ki, gələcəkdə həm Litva, həm də Azərbaycan millisi üçün nəticələr daha yaxşı olacaq. Problemin konkret olaraq nədə olduğunu demək çətindi.