Futzal üzrə Azərbaycan milli komandasının üzvü Everton Kardozo Sportal.az saytına açıqlama verib.
İspaniyada “Levante” forması geyinən futbolçu Avropa çempionatının püşkatması haqda danışıb.
"Qalo" Niderlandda keçiriləcək Avropa çempionatında Gürcüstan, İspaniya və Bosniya və Herseqovina ilə eyni qrupda mübarizə aparacaq yığmamızın şanslarını dəyərləndirib: "Püşkatmanı izlədim, hansı qrupda, hansı komandalara rəqib olduğumuzu gördüm. Sadəcə deyə bilərəm ki, irəli. Düşünürəm ki, mərhələni keçə bilərik.
Bunu etmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Çünki biz də istəyirik ki, uğur qazanaq. Əlbəttə ki, mənə görə qrupda ən çətin komanda İspaniyadı. Onların gücü hamıya məlumdu. Amma onlara qarşı da sona qədər mübarizə aparacağıq. Qrupda bütün komandalarla mübarizə aparmaq olar, bütün komandalar yaxşı səviyyədədi. Necə olacağını zaman göstərəcək, hər şey ola bilər".