Türkiyənin "Keçiörəngücü" klubunda oynayan Vüsal İsgəndərli Sportal.az saytına açıqlama verib.
O, komandanın baş məşqçisinin istefaya yollanması haqda danışıb. Bununla yanaşı İsgəndərli yeni baş məşqçinin onun Türkiyə klubundakı çıxışına necə təsir edəcəyini dəyərləndirib:
"Baş məşqçimizin gedişi nəticələrlə əlaqəli idi. Amma heç istəməzdik ki, belə olsun. Nəticə pis olanda ilk olaraq məşqçi günahlandırılır. Amma elə deyil, biz futbolçuların da səhvi çoxdu. İlkər Püren çox yaxşı məşqçi idi, mənə də çox güvəndi, sağolsun.
Bundan sonra hər kəs üçün xeyirlisi olsun. Məni tanıyan bilir ki, hər zaman istər məşq, istərsə də oyunlarda istəkli olmuşam. Daima 100 faizi verməyə çalışmışam. Yenə də əlimdən gələni edəcəm. Baş məşqçimizə özümü sübut etməyə çalışacam".
"Bu kluba gələndən bəri klub prezidenti, məşqçi, oyunçular, mənə çox dəstək oldu. Həqiqətən çox yaxşı klub prezidentimiz var. Sonuncu yerdə olsaq da, heç bir futbolçu ödəməsində problem yoxdu, hər şey yaxşıdı. Daima əlimdən gələni edəcəm. Bura gələndə məqsədim Superliqada oynamaq, milli komandaya qayıtmaq idi. Burada uğurlu olacağıma inanıram" - deyə, İsgəndərli fikirlərini yekunlaşdırıb.