“Qarabağ”ın sabiq futbolçusu, hazırda Şimali Makedoniyanın “Breqalniça" klubunda oynayan Muarem Muarem Sportal.az saytına müsahibə verib.
- “Qarabağ” dünən Konfrans Liqasının 3-cü turu çərçivəsində “Kayrat”a qalib gəldi. Oyunu izlədin?
- Əlbətət ki, izlədim matçı. İlk dəqiqədən sona qədər matça baxdım. “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm.
- “Kayrat”ı sən də yaxşı tanıyırsan. Hər halda “Aktobe”də çıxış edəndə onlara qarşı oynamışdın..
- Bəli, “Kayrat” o vaxtdan da yaxşı komanda idi. O vaxtlar komandada indikindən də yaxşı oyunçular çıxış edirdi. Andrey Arşavin aparıcı üzvü idi “Kayrat”ın. Həmçinin Qazaxıstan milli komandasının üzvləri də çıxış edirdi.
- Bəs, “Qarabağ”ın “Kayrat” üzərindəki qələbəsi sənin üçün gözlənilməz olmadıki?
- Xeyr, gözlənilməz qələbə deyildi. Çünki “Qarabağ” daha yaxşı komandadı. Dünən “Qarabağ” 0:1 məğlub durumda olsa belə, matçı qazanmağı bacardı.
- Səncə, bunu necə etdilər? Matçın bitməsinə 10 dəqiqə qalmış 2 qol vuraraq qələbə qazandılar...
- Çünki “Qarabağ” futbolçularına oyuna yaxşı konsentrasiya olmuşdular. Məğlub durumda olanda belə, oyundan qopmadılar. Bu qələbə sayəsində “Qarabağ”ın qrupdan çıxmaq şansları daha da böyükdü.
- Almatıdakı görüşün daha ağır keçəcəyini düşünürsən?
- Onsuzda asan oyun yoxdu. Qrupdan çıxmaq üçün “Qarabağ”ın Almatıdakı görüşdə “Kayrat”a uduzmayacağını düşünürəm.
- Yeri gəlmişkən, “Qarabağ” avrokuboklarda qrup mərhələlərində sonuncu qələbəsini 2016/2017 mövsümündə PAOK üzərində qazanmışdı. Həmin matçın iştirakçılardan olmusan. Yunanlara qarşı oyunu necə xatırlayırsan?
- Əlbəttə ki, PAOK matçını yaxşı xatırlayıram. Həmin oyunda meydanda idim və assist də etmişdim. Rahid Əmirquliyevin vurduğu qolun ötürməsini mən vermişdim. Onsuzda Avropada asan oyun yoxdu. Bunu hamı bilir. Səfərdə qazanarsa, bəzən evdə qazanarsan. Allah qoysa, bundan sonra “Qarabağ” üçün yaxşı seriya başlayar və “Qarabağ” həm evdəki, həm də səfərdəki oyunları qazanaraq davam edər. “Qarabağ”ın buna gücü çatar, son 2 matçda da əsl gücünü göstərdi.
- “Kayrat”la matçda hər 2 qolu yerli futbolçular vurdu. Özü də Ramil Şeydayev və Abbas Hüseynov tez-tez tənqid edilir...
- Təbii ki, çox yaxşı oldu. Abbas Hüseynovun vurduğu qol zamanı mən də çox kövrəldim. Azərbaycanda yerli oyunçulara böyük təzyiq var. Bunun olmaması lazımdı. Onsuzda “Qarabağ” kimi komandada oynayırlarsa, demək ki, səviyyəli oyunçulardı. Ramil Şeydayev 3 matçda 2 qol vurdu. Abbas da hər matçda komanda üçün ən yaxşısını verən futbolçulardan biridi. Onlara da, “Qarabağ”a da uğurlar arzu edirəm.