"Sabah"ın hücumçusu Tiemoko Fofana Sportal.az saytına müsahibə verib. Fil Dişi Sahilindən olan hücumçu komandasının mövsümdəki ilk qələbəsini şərh edib:
- "Sumqayıt"la matçda komandanız mövsümdə ilk qələbəsini qazandı. Oyunu necə dəyərləndirirsən?
- Yaxşı oyun alındı və yaxşı da qələbə qazandıq. Həmin qələbə bizə inam qazandırdı. Əslində, bu qələbə əvvəlcədən olmalı idi. Çünki əvvəlki oyunlarda da biz yaxşı oynamışdıq. Ancaq nəticədə biz ilk qələbəçmizi 8-ci turda qazandıq.
- Rəqibin meydanda 10 nəfərlə qalması qələbənizdə kömək oldu?
- Rəqib qırmızı vərəqə alsa da, biz həftəboyu oyuna çox yaxşı hazırlaşmışdıq. Ancaq doğrudu, onların qırmızı vərəqə alması bizə üstünlük qazandırdı.
- Meydana sonradan daxil olaraq 2 qol vurdun. Petar Şkuletiçin əvəzinə meydanda daxil olanda qol vuracağını ehtimal edirdin?
- Bilirsiz, ötən həftə “Qarabağ”la matçda son dəqiqələrdə qol şansını əldən verməyim, məni bu oyuna daha da motivasiya etmişdi.
- Ramin Quliyevin baş məşqçi postundan ayrılmasından sonra komandadakı atmosfer necə idi?
- Ramin Quliyev yaxşı məşqçidi, yaxşı insandı. O, bizi bu oyuna hazırlamışdı. Komanda kimi bu həftə bizim üçün ağır idi.
- Oyundan 1 gün əvvəl doğum günün idi. “Sumqayıt”la matçda dubl edərək özünə hədiyyə etdin? Demək olar ki, ən yaddaqalan doğum günü hədiyyəsi idi, yoxsa bundan da dəyərli hədiyyələrin olub?
- Doğrudu, bu, doğum günüm üçün xüsusi hədiyyələrdən biridi. Bunu mənim üçün xüsusi edən komanda yoldaşlarıma təşəkkür edirəm.
- “Sabah” qələbələrin davamını gətirə biləcək?
- Əlbəttə ki, 2-ci dövrədə daha çox oyun udmaq istəyirik. Turnir cədvəlində daha yaxşı pilləni tutmaq niyyətindəyik.