Azərbaycanda sosial idmanın inkişaf perspektivləri - LAYİHƏ

11:40 - 19 Dekabr 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XXIV YAZI

 

Bu gün dünya miqyasında xüsusi aktuallaq kəsb edən məsələlərdən biri də sosial idmanla bağlıdır. Sosial idman müasir dövrdə xüsusi əhəmiyyətə malikdir. Onunla bağlı layihələr uzun müddətdir mövcud olmasına baxmayaraq, onlar demək olar ki, heç vaxt layiq olduqları diqqəti almayıblar. Söz yox ki, fiziki məhdudiyyətli insanlar üçün marafonlar və ya məsələn, uşaq evlərinin təmsilçiləri arasında keçirilən futbol yarışları stadionlara on minlərlə tamaşaçı cəlb etmir və ya belə yarışlar televiziyada nadir hallarda yayımlanır. Amma sosial idman fiziki məhdudiyyətli insanlar, eləcə də həssas hesab edilən təbəqələrin özlərini cəmiyyətin layiqli bir hissəsi olaraq hiss etmələrində mühüm rol oynayır.

 

Sosial idman bir neçə fəaliyyət sahəsinin kəsişməsində yerləşir. Bu, nə peşəkar idman növüdür, nə də qeyri-kommersiya sektorunun çoxdan vərdiş etdiyi klassik sosial layihədir. Beləliklə, bu cür təşəbbüslərin həyata keçirilməsinə, ən əsası, təşviqinə görə kimin cavabdeh olduğunu daim xüsusi diqqətə almaq lazımdır. Artıq faktdır ki, sosial idmana yanaşma, onunla bağlı vəziyyət istər Azərbaycanda, istərsə də dünya miqyasında tədricən dəyişməyə başlayır. İlk növbədə ona görə ki, mürəkkəb problemlərin həllində sosial idmanın əhəmiyyəti və onun potensialı getdikcə daha aydın görünür. Bu cür layihələrə məşhur idmançılar, brendlər qoşulur və media da onlar haqqında yazmağa başlayır. Və bu, sosial idman layihələrinin  populyarlıq şansını əhəmiyyətli dərəcədə artırır. Sosial idman yalnız rəqabətdən, fiziki inkişafdan və ya reabilitasiyadan, klassik xeyriyyəçilikdən daha böyük mahiyyətə malikdir. O, insanları birləşdirir və sosial problemlərin həllinə yeni imkanlar yaradır. Məsələn, dünyada geniş yayılmağa başlayan ploqinq yarışlarına baxaq. 2016-cı ildə İsveçdə meydana çıxan bu ekoloji hərəkat dünyanın müxtəlif ölkələrində getdikcə populyarlaşır. Bu yarışın mahiyyəti geniş ictimaiyyətin cəlb olunduğu formada zibillərin yığımıdır. Bu, həm də dünyada sosial idman növü kimi qəbul olunur və Azərbaycanda da yayılmağa başlayıb. Məsələn, müəyyən müddətdir ki, ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər dənizinin sahilyanı ərazilərində təmizlik aksiyaları həyata keçirilir. Ümumiyyətlə, IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Yenə IDEA İctimai Birliyi tərəfindən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş çox sayda könüllü gəncin cəlb olunduğu təmizlik aksiyasılarə keçirilib və bunların gələcəkdə də keçirilməsi planlaşdırılıb. Bu fonda IDEA İctimai Birliyi bütün təbiətsevərləri ekoloji problemlərin həlli istiqamətində təşkil edilən aksiyalara biganə yanaşmamağa və ətraf mühitin qorunmasına öz töhfələrini verməyə çağırır. Belə aksiyalar ploqinq yarışları kimi qəbul olunur və insanlar burada iştirak etməklə həm özlərini formada saxlayır, həm də ekoloji problemlərin həllinə kömək edir.

 

Sosial idmanın digər üstünlüyü onun ərazilərin və icmaların inkişafına müsbət təsiridir. Beləliklə, sosial idman layihələrini və bu sahədə qabaqcıl təcrübənin yayılmasını dəstəkləmək vacibdir. Ölkəmizdə sosial idman anlayışı yenicə formalaşmağa başladığı üçün mövcud layihələrdən, onların sosial nəticələrindən mümkün qədər çox danışmaq vacibdir. O da faktdır ki, sosial idman yüksək performanslı idmanlar qədər həyəcanverici ola və eyni zamanda dünyanı həqiqətən yaxşılığa doğru dəyişə bilər. Dövlətin əsas resursları ənənəvi olaraq peşəkar kadrların hazırlanması sahəsində cəmlənir, çünki çempionlar həmişə milli qürur məsələsidir. Amma son vaxtlar cəmiyyətdə idmana tələbat xeyli artıb, böyüklərin bədən tərbiyəsində nə biznesi, nə də hökuməti maraqlandıran boşluqlar açılıb. Bu müraciətə cavab olaraq Azərbaycanda dövlətdən asılı olmayaraq yeni bir fenomen - sosial idman sferası formalaşır. Bu halda cəmiyyətin nəzərində qələbələr ikinci plandadır, idman insanlar tərəfindən ilk növbədə sağlamlıqla əlaqələndirilir. İndi bütün bunlar dövlətin də idman strategiyasında öz əksini tapmalıdır, xüsusən də dünya praktikasında müvafiq təcrübə artıq mövcuddur. İdmanın müsbət sosial dəyişikliklər üçün resurs potensialı BMT tərəfindən qəbul edilir və onu bəşəriyyətin qlobal məqsədlərinə gedən yolda əsas vasitələrdən biri hesab edir.  Azərbaycanda idmanın sosial funksiyası hələ də kortəbii şəkildə həyata keçirilir. Nə idman vasitəsilə əldə edilə bilən sosial inkişafın dəqiq müəyyən edilmiş göstəriciləri, nə də idmanı sosial amil kimi dəstəkləmək üçün alətlər mövcuddur. Amma bu o demək deyil ki, ölkəmizdə sosial idman inkişaf etmir. Araşdırmalar göstərir ki, indi Azərbaycanda sosial komponentli idman layihələri dövlətin köməyi olmadan öz-özünə uğurla cücərməkdədir və son dərəcə populyardır. Buraya əlillərin reabilitasiyası, sosial maneələrin aradan qaldırılması, əvəzedici həyat tərzi - əlillərin adaptasiyası aləti kimi dağ-xizək və qayayadırmanma kimi marafonlar daxildir. Əlbəttə ki, hər şey rəvan getmir. Məsələn, prosesdə liderlərin və layihə iştirakçılarının sosial səriştəsi kifayət deyil. İdman və ya idarəetmə sahəsində mütəxəssis olduqları üçün onlar çox vaxt sosial prosesləri zəif başa düşürlər. Məşqçilər korpusu sosial problemlərin həllinə kifayət qədər hazır deyil - məşqçilər rəqabət ruhunda tərbiyə olunur və bunu aşılayırlar. Sosial və idman layihələrinin rəhbərləri arasında aparılan araşdırmalar göstərir ki, onların gələcək inkişafı dövlətlə qarşılıqlı əlaqə ilə bağlıdır. Halbuki, sosial idman üçün cəmiyyətlə iş aparılmalıdır. Burada bütün maraqlı tərəflərin - biznesin, dövlət və bələdiyyə orqanlarının, təhsil müəssisələrinin, idman icmalarının rəhbərləri və üzvlərinin, media nümayəndələrinin bərabər şəkildə iştirakı vacibdir.

 

Mirbağırağa Cəfərli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti