Ağırlıqqaldırma idman növləri arasında adından da göründüyü kimi ən çətin yarışlardan hesab olunur. Bu idman növünə Azərbaycanda da maraq az deyil. Ölkəmizdə bu idman növündə güclü idmançılar olub. Bu dəfəki həmsöhbətimiz ağır atlet Nailxan Nəbiyevdir.
Son ölkə çempionu Nailxan Nəbiyev 1994-cü il təvəllüdlüdü. O, 2009-cu ildə yeniyetmələrin dünya birinciliyində və Avropa çempionatında bürünc medal qazanıb. 2010 və 2011-ci illərdə isə Nəbiyev yeniyetmələr arasında Avropanın ən güclüsü adına sahib çıxıb. 2013-cü ildə təkanla qaldırmada gənclər arasında dünya çempionu olan idmançımız həmin ili həm də Avropa çempionu kimi başa vurub. 2016-cı ildə isə İslam ölkələrinin yarışında gümüş mükafatçı olmuş İdmançımız avqustda Konyada keçiriləcək İslam oyunlarında iştirak edəcək. Nəbiyev həm idmana başlamasından, həm də ağırlıqqaldırmadaki məqsədlərindən danışıb.
- Nailxan, neçə ildir ki, artıq bu idmanla məşğulsan?
- 2005-ci ildə başlamışam ağır atletikaya. Ondan əvvəl isə hər zaman atamla təlim-məşq toplanışlarına gedirdim. Elə o vaxtdan da bu idman növünə marağım yaranmağa başladı. Ondan bu yana elə ağırlıqqaldırma sahəsindəyəm.
- Tam istədiyin uğurları əldə edə bilmisən?
- Ağırlıqqaldırma elə idman növüdür ki, imkansız çəkiləri qaldırsan da, yenə də fikirləşirsən ki, 1-2 kilo da artırmaq lazımdı. Nəticə olaraq yeniyetmələr və gənclər arasında bütün beynəlxalq yarışların həm qalibi, həm də mükafatçısı olmuşam. Böyüklər arasında isə bir çox beynəlxalq turnirlərin mükafatçısıyam. İstəyim isə böyüklər arasında Avropa və dünya çempionatlarında mükafat qazanmaqdı. Bunun üçün çalışıram. Ümid edirəm ki, bu, mənə qismət olacaq.
- Daxili çempionatın səviyyəsi hansı durumdadı? Perspektivli gənclər çoxdu?
- Bir çox idmançılar məlum məsələlərə görə məşqi buraxmaq məcburiyyətində qalmışdılar. Ancaq indi yeniyetmələr və gənclərdə çox perspektivli uşaq var. Həqiqətən də gələcəklərinə ümidlər böyükdü. Hazırda hər şeyi sıfırdan başlamışıq. Yeni komanda, yeni rəhbərlik, hər şey yenidir. Bir az adaptasiya olmaq lazımdı. Bunun üçün müəyyən zamana ehtiyac var. Ondan sonra hər şey yoluna düşəcək.
- Maliyyə məsələləri hansı yerdədi? Normal dolanmaq üçün başqa işlə də məşğul olmaq lazım gəlir?
- Bilirsiz, işindən asılı olmayaraq, pul heç vaxt adama bəs etmir(gülür). Əvvəl daha yaxşı idi. Dopinq məsələlərindən sonra vəziyyət dəyişmişdi. Ancaq yeni rəhbərliyin gəlişindən sonra standart maaşlar tətbiq edilib. Nəticələr olduqca maaş da artacaq. Bu da başadüşülən məsələdi.
- Heç olub ki, başqa ölkədən yarışmaq təklifi gəlsin sənə?
- Bəli, olub belə söhbətlər. 2012-ci ildə gənclər arasında Avropa çempionatında Rusiya Ağırlıqqaldırma Federasiyasından təklif gəlmişdi. Federasiyanın prezidenti mənə dəvət göndərmişdi. Amma mən Azərbaycan millisində qalmağı üstün tutdum.
- Bu idman növündə ən təhlükəli məqamlardan biri dopinqdi. Hər halda həkimlərin də bəzən diqqətsizliyindən idmançılar dopinqə "ilişir". Sən necə düşünürsən, ağırlıqqaldırmada əsas təhlükə zədədi yoxsa, dopinqə "ilişmək"?
- Bizim idmanda zədə alıb, dopinqə də ilişmək olur hətta. Çünki elə ağrıkəsicilər var ki, tərkibində olan preparatları yazılmır. Onda da nəticədə idmandan kənar qalmalı olursan. Bir məsələ də var ki, dopinqə birinci dəfə ilişdikdə, bir müddət idmandan uzaq qalmalı olursan. Amma idmana qayıtmaq üçün ikinci şansın olur. Bəzən elə zədələr olur ki, bir göz qırpımında ömürlük idmandan uzaqlaşmalı olursan.
- Hazırda dünyada ağırlıq qaldırmada ulduz gürcü idmançı Laşa Talaxadze hesab edilir. Səncə, bizdə nəyə görə o cür idmançı yoxdu?
- Bu sual mənə bir az çətin gəlir. İnandırım sizi, Azərbaycanda ağırlıqqaldırma növündə elə istedadlı uşaqlar var. Sadəcə bəzi nüanslar var, onları demək olmur. Yoxsa bizdə də çox güclü, istedadlı uşaqlar yetişir.
- İndiyə qədər ən ağır zədən hansı olub ki, hətta idmanla vidalaşmaq təhlükəsilə üz-üzə qalmısan?
- Bizim yığma komandada bəlkə də məndən çox zədə alıb, zədəsini sağaldıb yenidən idmana davam edən ikinci bir idmançı yoxdu(gülür). Belimdə 4 yerdə protruziya var, sağ dizimdən iki dəfə əməliyyat olunmuşam. Yarışda dirsəyim çatlayıb, hələ xırda zədələri saymıram. Mən məşq eləməkdən sadəcə həzz alıram. Zədə alıb müayinəyə getdiyimdə öz içimdə bir də məşq edə bilməyəcəyimi fikirləşdiyim, amma hər dəfəsində idmana olan sevgim o ümidsizlikdən daha güclü olub.
- Avqustda Konyada İslam oyunları keçiriləcək. Həmin yarışda məqsədin nədən ibarət olacaq?
- Zədələr olmasa, təbii ki, realdı. Hazırda 92 kiloqramda yarışıram. Uzun müddət 94-96 kiloqram kateqoriyalarında yarışmışam. Ancaq həmişə çəkim 88-89 kq olub. İslam Oyunlarında isə qismət olarsa, 89 kiloqram kateqoriyasında çıxış edəcəm. 2015-2016-cı illərdə 94 kq çıxış etdiyim vaxtlarda 88 kq idim. Məşqlərdə 175-218 kq qaldırmışam. Hansı ki, hazırda 89 kq kateqoriyasında dünya rekordu 217 kq-dı.
- 2024-cü ildə isə Paris Olimpiya oyunları olacaq. İdmançılarımızdan yüksək nəticələr gözləmək olar Olimpiya oyunlarında?
- Dediyim kimi biz hazırda hər şeyə sıfırdan başlamışıq. İki il təlim-məşq toplanışlarının olmaması idmançılarımızı çox geriyə saldı. Amma yenə də 2024-ə qədər vaxtımız var və gənclərdən nələrsə gözləmək olar.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXIII
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi