Son illərdə Avropa ilə müqayisədə inkişafdan çox geri qalan Azərbaycanın uşaq futbolu ürəkaçan olmasa da, azsaylı uşaq məşqçiləri var ki, işinin öhdəsindən layiqincə gələ bilir. Bunlardan biri də “Zirə”də uğurlu nəticələr qazanan Seymur Şəbiyevdi. U-15 komandasının baş məşqçisi gənc olmasına baxmayaraq, artıq neçə ildir ki, oynatdığı futbol və kollektivləri ilə adından söz etdirməyi bacarıb.
- Öncə özünüz barədə məlumat verərdiniz. Məşqçiliyə nə vaxt başlamısız və nə vaxtdan "Zirə" də çalışırsınız?
- 2012-ci ildən etibarən AZAL-ın futbol akademiyasında məşqçilik fəaliyyətimə başlamışam. Bu klubda üç il təcrübə keçdikdən sonra AFFA-nın C kateqoriyalı məşqçilik kursuna qatılaraq lisenziya əldə etmişəm. 2016-cı ildən isə "Zirə"də çalışıram.
- Məşqçilik karyerasında əsas hədəfiniz nədir? Daim uşaq futbolunda çalışmaq istəyirsiz, yoxsa hədəfləriniz arasında əsas komandalarda da baş məşqçi kimi çalşmaq planı var?
-
Hazırda əsas hədəfim baş məşqçisi olduğum hər bir komandada ən yaxşı nəticələri əldə edərək uğurlu bir komanda formalaşdırmaqdır. Təbii ki, hər bir gənc məşqçinin olduğu kimi mənim də gələcək üçün əsas hədəflərimdən biri əsas komandalarda fəaliyyət göstərməkdir.
- Maraqlıdı, ən çox hansı məşqçini bəyənirsiniz və onun taktiki gedişlərindən, oyun sistemindən özünüz üçün nəsə götürürsüz?
- Əlbəttə, Avropa və dünya futbolunda izlədiyim bəzi məşqçilər var. Bu mənada Yurgen Kloppun “Liverpul”unu fərqləndirmək istərdim. Onun iş prinsiplərini, oyun anlayışını daha çox bəyənirəm və ondan da nələrsə öyrənməyə çalışıram.
- "Zirə" də kasad heyətlə uşaq futbolunda yaxşı uğurlara imza ata bilirsiniz. Ötən mövsüm də finala çıxmağa yaxın olsanız da, son anda bəxt imkan vermədi. Niyə çempion ola bilmədiz?
-
Həqiqətən də rəqabət apardığımız digər klublara nəzərən oyunçu baxımından seçim imkanlarımız məhdud olsa da heyətimizdə olan futbolçularla ən yaxşısını etməyə çalışırıq. Düşünürəm ki, geridə qoyduğumuz mövsümdə istər meydanda, istərsə də meydandan kənarda döyüşən, mübariz və bir o qədər də nizam-intizamlı kollektiv formalaşdırmaqla hər bir kəsin rəğbətini qazandıq. Əlbəttə ki, futbol komanda idman növü olduğu üçün qazanılan bu uğurları tək öz adımla bağlamaq düzgün olmazdı. Burada istər klub rəhbərliyinin komandaya diqqət və qayğısı, istərsə də uşaqların daima öz üzərində çalışmaları əsas ünsürlərdən hesab olunmalıdır.
- Uşaq futbolunda, uşaq liqasında işləmək çətindi?
-
Ümumilikdə götürsək futbolun hər bir səviyyəsində özünəməxsus çətinliklər var. Uşaq futbolundan danışırıqsa, əgər bu iş birinci növbədə ciddi məsuliyyət tələb edir. Burada hər bir uşaq üçün düzgün inkişaf istiqaməti müəyyənləşdirmək və onlarda özünəinam hissini yaratmaq prioritet hesab olunmalıdır.
- Uşaq futbolunda məşqçi kimi diqqət olunası məqam hansıdı? Uşaqlarla işləməyin hansı çətinlikləri var?
-
Fikrimcə, mehriban, bir-biri üçün mübarizə aparan, əzmkar kollektiv yarada bilmək və həmçinin məşqçi-futbolçu münasibətində qarşılıqlı güvən, inam hissini yaratmaq əsas çətinliklərdən hesab olunmalıdır. Ən böyük çətinlik də uşaqları futboldankənar sosial həyatlarında da diqqətdə saxlamaq, onları məşqlərə və oyunlara düzgün şəkildə kökləməkdir. Məhz sadaladığım bu çətinlikləri aradan qaldıran hər bir məşqçi sonda uğurlu bir komanda formalaşdıra bilər.
- Hazırda U-16 yığmasında da "Zirə" nin futbolçuları yer alıb. Ümumiyyətlə, hazırki komandanızda perspektivli uşaqlar çoxdu və sizcə, yaxın neçə ildə onları "Zirə" nin əsas komandasında görə bilərik?
- Hazırda bizim komandadan U-16 millinin heyətində Hüseyn Vəlizadə çıxış edir. Hüseynin adına çox sevindirici bir haldır. Bu həm də digər futbolçularımız üçün stimul yaradan bir amildi. Əslində heyətimizdə milli komandamızın müvafiq yaş qrupları üzrə komandalarında çıxış edə biləcək potensialda bir çox uşaqlarımız var. İnanıram ki, digər futbolçularımız da bu yolda onlara yaradılan şərait daxilində daha çox çalışaraq bu şansı əldə edəcəklər. Uşaqların əsas komandada çıxış etmə məslələsinə gəldikdə, bu istiqamətdə şanslarının çox olduğuna inanıram. Hazırda əsas komandaya nəzər yetirdikdə görərik ki, akademiyadan bir çox gənc futbolçular heyətə cəlb edilib. Buda o deməkdir ki, klub rəhbərliyi və əsas komandanın baş məşqçisi gəncləri hər zaman diqqət mərkəzində saxlayır.
- Əksər Avropa ölkələrində akademiyalar əsas komandanın oynadığı futbol stililə oynayırlar, məşqçilər əsas komandanın oyun stilini aşağı yaş qruplarında da tətbiq edir. Sizdə də belədi? "Zirə" nin əsas komandasının oyun stilini tətbiq edirsiz?
-
Əlbəttə ki, əsas komandanın oyunlarını daim diqqətdə saxlayıram və bu komandanın oyun anlayışı, oyun üslubu barədə öz qeydlərimi aparıram. Bildiyiniz kimi mənim komandam ötən ildən etibarən 11-ə 11 futbola keçid etdi və bu yaş qrupunun futbolda taktiki iş üzrə ilk addımları oldu. Tam olaraq əsas komandanın oyun üslubuna uyğun olaraq hazırlaşırıq desəm, doğru olmaz. Ancaq əsas komandada gördüyüm müəyyən gedişləri öz komandama da tətbiq etməyə çalışıram.
- Tez-tez deyirlər ki, uşaq futbolunda əsas məsələ çempionluq yox, futbolçu yetişdirmək, onları inkişaf etdirməkdi. Sizdə də bu cürde məaələ, yoxsa çempionluq tələbi var?
-
Düşünürəm ki, hər bir idman sahəsində istər məşqçi, istərsə də idmançının hədəfi yalnız zirvə uğrunda mübarizə aparmaq olmalıdır. Çünki rəqabət və yarış içində olmaq inkişaf etməyin əsas ünsürü hesab olunmalıdır. Klub tərəfindən də qarşımıza mütləq şəkildə “çempion olmalısınız” deyə, məcburiyyət qoyulmayıb. Ancaq hər zaman üst yerlər uğrunda mübarizə apara bilən uğurlu kollektivlər formalaşdırmaq həm klubun, həm də biz məşqçilərin maraqlarını əks etdirir. Fikrimcə, seçilən uğurlu strategiya və düzgün yanaşma sonda nəticə olaraq geri dönəcəkdir.
- Özünüz hazırda yəqin ki, C kateqoriyasına sahibsiz. Maariflənmə yolunda hansı addımları atırsız? Ölkə xaricində təcrübə keçmək planlarınız var?
-
Bəli hal hazırda C lisenziyası əsasında çalışıram. Bu yaxınlarda B lisenziyası almaq üçün təşkil olunacaq kursda iştirak ilə bağlı AFFA-ya müraciət etməyi planlaşdırıram. Ümumiyyətlə, çox zaman maarifləndirici yeniliklərin axtarışında oluram. Bu məqsədlə özümdə yeni inkişaf istiqamətləri yaratmaqla komandaya, o cümlədən uşaqlara ən yaxşı şəkildə düzgün istiqamət verməyə çalışıram. Belə hesab edirəm ki, məşqçinin ən böyük üstünlüklərindən biri də ədalətli davrana bilməsidir. Buna görə də hər bir uşağa haqq etdiyi dəyəri vermək məsələsində ədalətli və obyektiv iş prinsipinə üstünlük verirəm. Əlbəttə ki, bir gün qismət olarsa ölkə xaricində də təcrübə keçmək gələcəkdə həyata keçirmək istədiyim planlardan biridir.
- Daim deyirlər ki, sünii ot uşaqların sağlamlığı yolunda problem yaradır. Sizcə də belədi?
-
Əslində, mən deyərdim ki, süni meydança problemindən daha çox oyuna və oyunçuya yanaşama problemi daha aktual bir məsələdir. Əgər bir məşqçi məşqləri düzgün təşkil etmirsə, futbolçuların inkişafında düzgün qiymətləndirmə aparmırsa, həmçinin futbolçu da öz növbəsində işinə düzgün şəkildə yanaşmırsa lap təbii meydança da olsa, burada inkişafdan danışmaq olmaz. Düzdür zədə baxımından süni örtüklü meydançaların müəyyən qədər təsiri olsa da, bu problem uşaq futbolumuzda öz həllini gözləyən bir çox problemlərdən sonra gələn bir məsələdir.
- Hər zaman mənfi tərəflərdən danışılır. Maraqlıdı, bəs, uşaq futbolumuzda, liqamızda heç müsbət məqamlar varmı?
-
Əlbəttə, bəzi müsbət məqamları da qeyd etmək olar. Son illərdə AFFA tərəfindən uşaq futboluna daha çox diqqət yetirilir və artıq bu ildən etibarən U-8 yaş qrupunun yaradılmasını da müsbət addımlardan biri kimi dəyərləndirə bilərik. Həmçinin AFFA yarışların təşkili üzrə işi də hər il daha da təkmilləşdirməyə çalışır.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI VIII
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi