"Futbolda görmədiyim ağır zədələri cüdoda gördüm" - MÜSAHİBƏ

18:06 - 4 Sentyabr 2022

İdmanın növündən asılı olmayaraq, hər zaman ikinci-üçüncü planda qalan həkimlərin, əslində, nə qədər vacib rol oynadıqlarını xüsusi izah etməyə ehtiyac yoxdu. İdmançı-məşqçi qədər mühüm və həyat əhəmiyyətli vəzifəyə məsul olan tibb işçiləri bu sahədə həm də əsas söz sahiblərindən sayılır. Belə desək, zədə alan bir idmançının gələcək taleyi bu həkimlərdən asılı olur. Digər sahələrlə müqayisədə, tibbdə ən xırda səhv belə, sığortası olmur. İdmanın bütün sferalarında həkimlər bu qədər əhəmiyyətli rola malikdirlər.

Azərbaycan idmanında yetərincə istedadlı, savadlı həkim-kadrlar var. Onlardan birini oxucularımızla tanış edəcəyik. İdman sahəsində yetərincə tanınan Ceyhun Əliyev 2010-cu ildə Premyer Liqa klubu "Rəvan"da, ardından U-17 yığmamızın həkimi olub. 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasında çalışan Ceyhun bəy hazırda gənclərdən ibarət cüdo millisinin həkimidir. İdmanın fərqli sahələrində özünü doğrultmağa çalışan gənc mütəxəssis, görək, tibbin idmandakı rolu barədə nələri düşünür.

- Öncə, özünüz barədə məlumat verərdiniz...
- 1986-cı il iyulun 17-də Bakıda anadan olmuşam. Valideynlərim Zəngilan rayonundandır. 1992-2003-cü illər arasında Sabunçu rayonunda yerləşən 169 nömrəli orta məktəbdə təhsil almışam. 2003-2010-cu illər arasında isə Azərbaycan Tibb Universitetində oxumuşam.

- İdman sahəsinə gəlişiniz necə baş tutdu?
- 2010-cu ildən idman sahəsindəyəm. Azərbaycandakı təhsilimi bitirdikdən sonra Türkiyəyə yollanmaq istəyirdim. Ki, təhsilimə orada davam edim. Bəhmən Həsənov atamla tanış idi. Həmin vaxtlarda “Muğan”da çalışırdı. Atama demişdi ki, əvəzedici heyətə həkim axtarırlar. Özü də məni uşaqlıqdan tanıyırdı. Bu klubda işləməyi təklif etdi. Düzdü, tərəddüd edirdim. Amma qismət elə gətirdi ki, getdim işlədim və o vaxtdan da idman sahəsində qaldım. “Muğan”, “Rəvan” sonradan isə U-17 yığmasında da işlədim. 2015-ci ildən də cüdo yığmasında işləyirəm.


- Futbolda işləmək daha rahat idi, yoxsa cüdoda?
- Hər idman növünün öz gözəlliyi, mənfi və müsbət tərəfləri var. Ancaq mənə görə futbolda işləmək daha rahatdı. Dörd il Azərbaycan Premyer Liqasında işləmişəm, 2014-2015-ci illərdə U-17 yığmasında da çalışmışam. Paralel həm “Rəvan”da, həm də yığmadaydım. 2015-ci ildə isə cüdoda dəyişikliklər oldu, Sadıq Sadıqov rəhbər posta gəldi. Futbolda nə qədər işçi, masajçılar var idi əksəriyyəti cüdoya keçdi. Düzü, həmin vaxtı da cüdo yığmasında işləməyə tərəddüd etdim. Çünki mənə yaxın gəlmirdi, cüdo ilə maraqlanmamışdım, həvəsim yox idi. Heç ağlıma da gəlməzdi ki, cüdo yığmasında çalışaram. Amma bir ay məşqlərə baxdım, özümə yaxın hiss etdim bu idman növünü. Ona görə də müqavilə imzaladım.



- Cüdo yığmasında işləməyə başlayandan sonra heç futbol komandalarından yenidən təklif gəldi?
- Bəli, futbola qayıtmaq üçün təkliflərim var idi. Hətta cüdo yığmasında işimə yeni başlayan vaxtı da oldu belə təklif. Lakin cüdo artıq mənə maraqlıydı. Bilirsiz, həyatımda da dəyişikliklər etmək istəyirdim. Futbol sahəsində işləyəndə ölkə xaricinə az-az gedirdik. Getdiyimiz yerlər isə daha çox Avropa ölkələri olurdu. Cüdoda isə belə deyil, dünyanı gəzirsən, özün üçün dünyanı kəşf edirsən, yeni ölkələr görürsən. Həqiqətən maraqlıdı. Ona görə də futbola geri dönməyi ikinci plana keçirdim.

- Futbol kollektiv idman növüdür deyə, nəzarət edəcəyin adamlar sanki çox olur. Yəni, 22-23 futbolçuya baxmaq, onların sağlamlığının qeydinə qalmaq çətindi, yoxsa cüdo yığmasında çalışmaq?
- Yox, mən belə deməzdim. Bəlkə də cüdoda sizin üçün 7-8 idmançı olduğu görünür. Ancaq belə deyil axı. Təsəvvür edin, qız və oğlan cüdoçularının hərəsində 7 çəki var, hər çəkidə də Azərbaycan çempionatında 4 nəfər yer tutur. Burada yer tutanlar milliyə cəlb edilir.  Hər yaş qrupunda bizdə minimum 28-30 idmançı var. Kənardan 7-8 nəfər görünə bilər. Ancaq onlar tək məşq etmir axı, hər çəkidə 2-3 nəfər olmalıdı ki, bir-birilə məşq edə bilsinlər. Ancaq mənə görə futbol daha asandı. Çünki bilirsən ki, 22-23 futbolçun var. Sırf onlara baxırsan. Cüdoda isə idmançı çoxdu.




- Cüdo ilə məşğul olanlar daha çox zədə alır, yoxsa futbolla?
- Hər ikisində çalışdığım üçün demirəm, amma həqiqətən də dünyada ən çox sevilən iki idman növüdü. Fərqli cəhətləri var. Məsələn, cüdoda məşq prosesi ağır keçir, yüklənmələr daha ağırdı. Gündə iki dəfə məşq edirlər, bəzən 3 saat fiziki çalışmalar davam edir. Ardınca isə kimano məşqləri başlayır. Şəxsi analimizə görə, cüdo məşqləri futbol məşqlərindən ağırdı. Zədələrə gəldikdə, futbolda daha çox aşağı ətraf zədələnir. Məsələn, diz, ayaq biləyi, əzələ dartılmaları baş verir. Cüdoda isə idman zədələri daha çoxdu. Futbolda görmədiyim zədələri cüdoda gördüm. Bu, məşq prosessinin ağır olmasından irəli gəlir.



- Öz işinizlə bağlı idman sahəsində qarşılaşdığınız kuryoz hadisə var?
- Həm cüdo, həm də futbolda başıma kuryoz hadisələr çox gəlib. Cüdo yığmasında işimə yeni başlamışdım və bir aydan sonra Abu-Dabidə keçirilən gənclərin dünya çempionatına yollandıq. Cüdo fəndlərinin əksəriyyəti yapon dilindədi, adlarını da bilmirdim, fəndlərdən də xəbərim çox yox idi. Yarış başladı, tataminin yanında həkimlər üçün stol qoyublar, orada xarici ölkədən həmkarımla oturmuşdum. Elə həmin vaxtı idmançımıza şido verildi. Bu da xəbərdarlıqdır da. Gördüm ki, tabloda idmançımızın adının yanında sarı işarə yandı. Özümdən asılı olmayaraq dedim ki, bizim idmançıya sarı vərəqəni kim göstərdi? Yanımda oturan həkim də əvvəllər futbolda işlədiyimi başa düşdü. Bildirdi ki, sarı vərəqə futbolda olur, bu şidodu.



- Bəs futbolda hansı kuryoz hadisəni yadınızda saxlamısınız?
- “Bakı” və “Rəvan” komandaları qarşılaşırdı. Gərgin də oyun idi. Çünki “Bakı” bizi məğlub etməli idi ki, ilk “altığ”a düşə bilsin. “Rəvan” üçün isə matç elə də əhəmiyyət kəsb etmirdi. Yeri gəlmişkən, həmin vaxtı “Xəzər Lənkəran” və AZAL-ın “altılığ”a düşmək şansı yaranmışdı. Bizdə də 2 legioner futbolçu oynayırdı. Həmin vaxtı Azərbaycanın özündə antidopinq təşkilatı fəaliyyət göstərmirdi. Demək, oyundan öncə bir idmançı mənə yaxınlaşıb dərman uzatdı. Deyir ki, bu dərmanları ver “Rəvan”ın xarici futbolçularına, içsinlər güclənsinlər, “Bakı”dan xal alaq. Onda da qardaşım “Bakı”da çıxış edirdi. Bizdəki legionerlər də öz ölkələrinin millilərində oynayır. İndi mən həmin idmançıya deyirəm ki, bu dərmandan istifadə etmək olmaz, verərəm onlara, öz ölkələrinin millisinə yollananda dopinq testi verərlər və müsbət çıxar, karyeraları məhv olar. Təkidlə dedi ki, ver bunları həmin futbolçulara. Dedim, mən o işə yaxın dura bilmərəm. Birdən qayıtdı ki, qardaşım “Bakı”da oynayır deyə, istəmirsən qalib gələk, ona görə belə edirsən. Mən də bildirdim ki, o, evdə qardaşımdı, stadionda qardaş yoxdu. Gördüm ki, başqa cür anlayırlar, dərmanı götürdüm, onu deyil, əvəzində ağrıkəsici verdim futbolçularımıza. O isə dopinqə düşmür. Yaxşı da təsir etdi, amma uduzduq (gülür).

Bir dəfə də, demək, Qara Qarayev tərəfdə oteldə qalırıq, komanda isə Bayılda oynayır oyunlarını. Mən də çox vaxt komandadan qabaq gedirdim stadiona. Hər şeyi hazırlayırdıq ki, komanda gələndə rahat olsun. Futbolçular üçün lazım olan idman preparatlarını qoydum baqaja və istəyirdim maşına oturum ki, bir də yadıma düşdü ki, maşını bağladım, açarı isə baqaja qoydum. Yarım saatdan sonra isə stadionda olmalıydım. Demək, usta çağırdıq, gəldi açdı qapını pəncərədən və birtəhər maşına oturub özümü stadiona çatdırdım.



- Qardaşın Şəhriyar hazırda “Turan Tovuz”un kapitanıdı. Yəqin ki, onun səhhəti ilə daha çox maraqlanırsan?
- Bəli, Şəhriyar balaca qardaşımdı. Özünüz də onu yaxşı tanıyırsız. İştirak etdiyi oyunlara stadiondan canlı baxmaq istəyirəm həmişə. Lakin gedə bilmirdim. Çünki stadiondan izləyəndə adam daha çox həyəcanlanır. Ona görə də stadiona getməyəndə evdən baxıram.

- Özünüz futbolla məşğul olmusunuz? 
- Bəli, özüm də futbolla məşğul olmuşam. 2001-ci ildə “Neftqaz” adlı komandanın tərkibində məşq edirdim. Məşqlər İsmət Qayıbov stadionunda keçirilirdi. Məşqçimiz isə rəhmətlik Fazil Abbasov idi. 1986-cı illərdə oynayırdım. Atam sonradan futbol oynamağımı istəmədi, sənədlərimi götürdü və dedi ki, sən həkim olacaqsan. 1996-cı ildə gözümdən əməliyyat olunmuşam. Əməliyyatdan öncə mənə narkoz verəndə həkimlər diqqətsiz olub deyə, gec ayılmışam. Atam da qorxub ki, mənə nəsə olacaq. Xəstəxanada məni gözləyəndə, həkimlərin məni vəziyyətdən çıxarmaq üçün ora-bura qaçdığını görüb. Doğrudu, sonda hər şey yaxşı bitib. Ancaq yadıma gəlir ki, atam mən uşaq olandan deyirdi ki, sən həkim olacaqsan. Ona görə də icazə vermədi ki, futbolçu olum. Qismət elə gətirdi ki, 2010-cu ildə təsadüfən yenidən futbola gəldim.

 
- Cüdo yığmalarımız yenidən uğurlu çıxış etməyə başlayıb...
- Təbii ki, belədi. İnkişaf var. Bu isə hamımızı sevindirir. Həqiqətən hamı uğurlar üçün çalışır.

- Sünii örtüklü meydançaların futbolçular, xüsusilə də yeniyetmə uşaqlar üçün böyük fəsadlar yaratdığını deyirlər. Həkim kimi sizin bu barədə fikriniz necədi?
- Sünii örtüklü meydançalar Azərbaycan futbolunun ən böyük bəlasıdı. Cüdo yığmasında işləsəm də, yanıma futbolçu da gətirirlər. Baxırsan, azyaşlı uşaqlardı, o qədər sintetik meydanda məşq ediblər ki, hamısında menisk zədəsi var, onurğalarında problem yaranıb. Sünii örtüklü meydançaların çox böyük təsiri var. Yanıma o qədər uşaq gəlir ki, hamısında da eyni problemlər.



- Bəs, cüdoda buna bənzər uşaqlar üçün hansı zərərli amillər var?
- Cüdoda tatami ilə bağlı problemlər olmur. Yeniyetməyə qədər olan aşağı yaşlarda uşaqlar öz zallarında məşq edirlər. Onlara dərs keçənlər də demək olar ki, məktəbin müəllimləri olur. Bəziləri, naşılıqdan, ya qeyri-peşəkarlıqdan, uşaqları vaxtından tez yükləyirlər. Bu da uşağın onurğasında, dizlərində problemlərin yaranmasına səbəb olur. Uşaqların sümüklərinin böyümə dövründə onları yükləməli deyil, qorumaq lazımdı. Yükləmə verirlər, uşaqlarda da sümüklərin böyüməsi düzgün getmir, fəqərələrdə, dizlərdə problemlər əmələ gəlir.

- Yeniyetmə idmançılardan söz düşmüşkən, nəyə görə avropalı idmançılar bizim idmançılarla müqayisədə əksər vaxtı daha hündür olurlar? Bu, vitamin və qidalanmalarla əlaqədardı?
- Yox, bunu tam vitaminlərlə, qidalanma ilə bağlamaq düz olmazdı. Avropoidlər hündür olurlar. Bunlar genetik faktorla bağlı olan məsələdi. Həm də avroplalılarda hər bir idman növünə seleksiya işinə önəm verirlər, idmançılar düzgün seçilir.



- İdmanda yüngül və ən ağır zədə hansı hesab edilir?
- İdmanda yüngül, orta, ağır, bir də çox ağır zədələr var. Yüngül zədələrə əzələ dartılmaları, yumşaq toxuma əzilmələri daxildi. İdmançını 7-10 günə bərpa etmək mümkündü. Ən ağır zədələr isə bağların, ayaq və çiyin bağlarının tam qopmasıdı. Əməliyyat edilən idmançının bərpası uzun çəkir.

- Bir müddət əvvəl deyəsən, İngiltərəyə yollanmışdın. Bu, təhsillə bağlı idi? 
- ADBTİA-nın nəznində idman həkimləri üçün iki illik reabilitasiya kursu açılıb. Orada bizə İngiltərənin tanınmış idman həkimləri dərs deyir. İdeyaların hamısı Təhminə Tağızadəyə aiddi, akademiyada prorektordu. Özü də ixtisasca həkimdi. Həkimlər həmin fakultədə iki illik magistr səviyyəsi keçirlər. Dərslər də ingiliscədi. Müəllimlər də İngiltərənin nüfuzlu universitetlərindən gəlib. İki illik magistrin nəznində İngiltərədə iki həftəlik kurs keçirilir. Elə Britaniyaya səfərimiz də bununla bağlı idi. Tanınmış universitetdə praktika keçdik. 

Mirbağırağa Cəfərli 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu
- YAZI X 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Xəbər xətti