Premyer Liqamızın legioneri: "Arsenal" və "Napoli"nin futbolçularının sabiq komanda yoldaşı - FOTOLAR

20:13 - 29 Aprel 2023

"Turan Tovuz" qış fasiləsindən sonra heyətini "Mançester Siti"nin sabiq üzvü Divine Naah ilə gücləndirdi. Qərb klubunun aparıcı üzvünə çevrilməyə çalışan qanalı vaxtı ilə gələcəyinə böyük ümidlər bəslənilən biri olub. O, "Mançester Siti"dən ayrıldıqdan sonra "NAK Breda", "Örebro", "Tubize", "Norşellan" kimi klublarda oynayıb. Naah əvvəlki klublarda həm Azərbaycan futboluna tanış, həm də ulduz oyunçularla çıxış edib.

Martin Odeqard

"Turan Tovuz"un legioneri peşəkar karyerasına Norveçdə başlayıb. O, 2014-cü ildə "Stromsqodset"də bir oyun keçirib. 24-cür turda "Bodo Qlimt"ə qarşı oynanılan görüşdə Norveç çempionatında debüt etmiş Naah hazırda "Arsenal" və Norveç yığmasının aparıcı üzvü olan Martin Odeqardla birlikdə çıxış edib.

Uros Matiç

2020-ci ildə "Qarabağ"a böyük ümidlərlə cəlb edilmiş Matiç həm də "Roma"nın futbolçusu Nemanya Matiçin qardaşı kimi tanınır. Ağdam klubunda çox qalmayan Uroş 2021-ci idlən Səudiyyə Ərəbistanının "Abha" klubunda çıxış edir. Sabiq "Qarabağ"lı Naahla "NAK Breda"dan tanıyır. 

Enes Ünal

Avropa futbolunun hazırda ən çox gündəmdə olan, böyük klubların transfer siyahısında yer alan Enes Ünal da "Turan Tovuz"un futbolçusunun nəyə qadir olduğunu bilir. Türkiyəli hücumçu da Divine kimi Mançester klubundan sonra "NAK Breda"ya yollanmışdı. Naah Niderland klubunun heyətində 34 matçda 2 qol vurubsa, Ünal 11 oyunda 9 qolun müəllifidir.

Andres Noppert

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Niderland millisinin qapısını qoruyan Andres Noppert də hazırda Ayxan Abbasovun sərəncamında olan qanalının sabiq komanda yoldaşıdır. Belə ki, 29 yaşlı qapıçı 2014-2018-ci illərdə “NAK Breda” forması geyinərkən Naahla komanda yoldaşı olub.

Qodsvey Donyo

Naah "Mançester Siti"yə məxsus olduğu dönəmdə "NAK Breda"dan sonra "Norşellan"a keçərək "Neftçi"nin sabiq forvardı Qodsvey Donyo ilə tanış olub. Maraqlısı orasındadır ki, "Norşellan"ın Danimarka kubokunun ikinci mərhələsində "Tarnbi"yə 4:1 hesabı ilə qalib gəldiyi matçda qollardan birincisini Donyo, sonuncusunu Naah vurub.

Viktor Nelson

Naahın Danimarka klubunda komanda yoldaşları arasında hazırda "Qalatasaray"ın əvəzedilməz müdafiəçisinə çevrilmiş Viktor Nelsson da var. Naah oradan ayrıldıqdan sonra "Örebro"ya, danimarkalı müdafiəçi isə "Kopenhagen"ə keçmişdi.

Stanislav Lobotka 

Hazırda Avropanın ən yaxşı dayaq yarımmüdafiəçilərindən hesab olunan Lobotka da "Turan Tovuz"un futbolçusunu ən yaxından tanıyanlardan biridir. Onlar birlikdə "Norşellan"da birlikdə çıxış edib. Slovakiyalı yarımmüdafiəçi sonradan Danimarkanı tərk edərək İspaniya Primerosunun təmsilçisi "Selta"(Viqo) ilə müqavilə imzalamışdı.

Edvinas Girdvaynis 

Divine Azərbaycana gəlməmişdən əvvəl son dəfə Litvada legioner həyatı yaşamışdı. O, burada “Keşlə”nin (indiki “Şamaxı”) sabiq futbolçusu Edvinas Girdvaynislə “Kauno Jalqris”in uğrunda mübarizə aparıb.

Mirbağırağa


Xəbər xətti