Georgopulos Əliyar Ağayev haqda: "Yunanıstan klubları uğursuz nəticələr olan kimi günahkar axtarır"

10:49 - 11 May 2023

Bir həftə əvvəl Yunanıstanın "Aris" klubu azərbaycanlı FİFA referisi Əliyar Ağayevin PAOK-la görüşdəki idarəçiliyindən narazı qalaraq haqqında mətbuatda bəyanət yaymışdı. "Sarı-qaralar" Saloniki derbisində Ağayevin onların aparıcı futbolçusuna qırmızı vərəqə göstərməsi ilə yanaşı bir neçə qərarının haqsız olduğunu iddia etmişdi.

Maraqlıdır, Yunanıstanda Ağayev haqda nə düşünürlər? Bu ölkənin tanınmış idman jurnalistlərindən olan, "sdna.gr" portalının redaktoru Jonni Georgopulos azərbaycanlı referi barədə danışıb. Sportal.az saytına açıqlama verən yunanıstanlı həmkarımız azərbaycanlı hakim barədə xoş fikirlər səsləndirib:

"Əliyar Ağayev artıq Yunanıstan futbolunda tanınmış simadır. O, artıq burada 10 oyun idarə edib. Onlar arasında Superliqada normal sezonun, pley-off və liqada qalmaq uğrundakı görüşləri qeyd etmək olar. Ağayev yaşına baxmayaraq, Avropa futbolunda böyük təcrübə qazanıb və Yunanıstana dəfələrlə hakim kimi dəvət olunması çox şeydən xəbər verir. Bilirəm ki, o, karyerasına çox gənc yaşlarında başlayıb və uzun yol qət edib. Yunanıstan Futbol Federasiyasının Hakimlət Komitəsinin ingilis rəhbəri Stiv Bennetin Ağayevlə yaxşı münasibəti var və onun bacarığını yüksək qiymətləndirir. Yunanıstan futbolu hər bir hakim, hətta əcnəbilər üçün də çox ağır və sanki düşmən mühitidir.

Məncə, ümumilikdə Ağayevin Yunanıstan çempionatında çox yaxşı performans göstərib. Təsadüfi deyil ki, yalnız iki dəfə bir neçə qərarla bağlı bəzi şikayətlər olub. Narazılıq "Aris"dən gəldi. Bu yaxınlarda PAOK və “Aris” arasında keçirilən Saloniki derbisində (3:2) o, ikincilərin xeyrinə penalti təyin etmədi. Bununla yanaşı, PAOK-un müdafiəçisi Konstantinos Kulierakisa qırmızı vərəqə göstərmədi. Digər narazılıq isə ötən il “Panatinaikos” – “Aris” görüşündə olmuşdu. Həmin matçda "Panatinaikos" 1:0 hesabı ilə qalib gəlmişdi. Saloniki klubu həmin görüşdə də Ağayevdən narazılıq etmişdi. Futbolda belə şeylər olur. Daha əvvəl də qeyd etdiyim kimi, yunan klubları uğursuz nəticələr zamanı günahkar axtarır, hakimlər isə asan hədəfdir. Ağayev hazırda UEFA-nın birinci kateqoriyalı hakimlər kateqoriyasına aiddir, lakin onun UEFA Elit mərhələsinə yüksələ biləcəyinə inanıram. Onun buna nail olmaq potensialı var".

Mirbağırağa

Xəbər xətti