"Sabah"la matçda xoş anlar yaşadıq. Azərbaycan bizə doğma məkandır. Stadionda gözəl atmosfer vardı. "Sabah"ı da təbrik etmək istəyirəm. Çox yaxşı komanda qurublar".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Beşiktaş"ın hücumçusu Cenk Tosun deyib.
Bakıda "Sabah"a qarşı keçirilmiş xeyriyyə matçında meydana çıxmış təcrübəli hücumçu stadiondakı atmosferi yüksək qiymətləndirib. Tosun azarkeşlərə təşəkkürünü bildirib: "Azarkeşlərin hər birini çox sevirəm. Bura bizim ikinci vətənimizdir. Stadiona gələn azarkeşlərin hər birinə təşəkkür edirəm".
"Beşiktaş"ın əsas hücumçusu Azərbaycan futbolu ilə bağlı məlumatlı olduğunu deyib: "Qarabağ"ın Avropada uğurları ortadadır. Çox yaxından izlədiyim komandadır. Böyük işlər görürlər. "Sabah"ı da bəyəndim. Görünən odur ki, Azərbaycan futbolu inkişafdadır".
İstanbul nəhəngi ilə 2024-cü il iyunun 30-na qədər müqaviləsi olan 31 yaşlı futbolçu gələcəkdə Azərbaycanda oynamağa müsbət yanaşdığını dilə gətirib: "Hazırda "Beşiktaş"ın futbolçusuyam. Məncə, bunu cavablamağım yanlış olar. Amma bir daha deyirəm Azərbaycan ikinci vətənimizdir. Burada oynamaqdan şərəf duyaram".
saytlarin hazirlanmasi