"Atletiko"nun gənclərdən ibarət komandasının baş məşqçisi Fernando Torres "Real"ın U-19 komandasının çalışdırıcısı Alvaro Arbeloanı hədələdiyi və itələdiyi üçün meydandan qovulub.
Sportal.az “Relevo”ya istinadən xəbər verir ki, Torres və Arbeloanın çalışdırdığı kollektivlər dünən U-19 komandalarının İspaniya kubokunun 1/4 finalında üz-üzə gəlib. İspaniya millisi və “Liverpul”da birlikdə oynamış veteran futbolçular oyunun gedişində mübahisəyə girişib. Torres öncə həmkarını əli ilə itələyib. Həmin anda isə 39 yaşlı məşqçi Arbeloanı "başını kəsərəm" deyərək təhdid edib. Alvaro isə cavabında "istədiyin zaman başlaya bilərsən” bildirib. Oyunun baş hakimi Torresə qırmızı vərəqə göstərərək meydandan qovub. Arbeloanı isə sarı vərəqə ilə cəzalandırıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatsa da, iki oyunun cəminə əsasən "Real" növbəti mərhələyə yüksəlib.