"Qəbələ" Azərbaycan Premyer Liqasının 36-cı turunda doğma meydanda "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki. matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Oyundan çox danışmayacağam, komandamı təbrik edirəm. İlk turdan son tura kimi öz iddiamızdan əl çəkmədik. İnanırdıq ki, sona kimi müqavimət göstərəcəyik. Konfrans Liqasına layiqli vəsiqə qazandıq.
- Əgər bu gün məğlub olub avrokuboklara vəsiqə qazana bilməsəydiz, ədalətsiz olardı?
- Heç kim səhvdən sığortalanmayıb. Hamımızda inam var idi ki, hədəfə çatacağıq. Bu oyunda Konfrans Liqasına vəsiqəni itirsəydik, həmin iddiadan kubokda yapışacaqdıq.
- "Zirə" "Sumqayıt"ı böyük hesabla məğlub etdi. Oyun zamanı narahat deyildiniz?
- Bizi düşündürən sırf öz oyunumuz idi.
- Oyundan sonra Ramon Maçado ilə nə danışırdınız?
- İşlə bağlıdır. Bəzi epizodlarda olmalı olduğu yerdə deyildi. Mövsümün sonudur, futbolçuları da başa düşmək lazımdır. Sevindirici odur ki, komanda sona kimi öz xarakterini göstərdi.
- Konfrans Liqasına vəsiqə baxımından hansı matç dönüş nöqtəsi oldu?
- Hər xal önəmlidir. Qış fasiləsindən sonra çox geridönüşlər etdik. Bu da kollektivin xarakterindən xəbər verir. Komandanın daha da güclü olmağını istərdim. Qarşıda bir oyun var. Kubokun finalından sonra rəhbərliklə danışacağıq ki, bir az da güclənək.
- Bu gün avrokuboklara vəsiqə qazandınız. Kubokun finalına psixoloji cəhətdən üstün yollandığınızı düşünmək olar?
- Heç vaxt gərgin olmamışıq. Həmisə komandadan soyuqqanlı olmağı istəmişik. Bəzən alınır, bəzən alınmır. Bəli, bu gün məğlub olsaydıq, bir az stress yarada bilərdi. Amma inkişaf etmək istəyiriksə, bu cür vəziyyətlərdən keçməliyik.
- Finalda hansı hakimin olmasını istəyərdiz?
- Hakimliklə bağlı istəyimiz yoxdur. Mənim istəyim komandamla bağlıdır. İstəyirəm ki, futbolçular dominant oyundan əl çəkməsinlər.
- Finalın "Bakcell Arena"da keçirilməsini "Neftçi" üçün üstünlük hesab etmək olar:
- Məkan məncə, təsir etməməlidir. Biz də Qəbələdə final keçirib məğlub olmuşuq. Finalın öz ab-havası olur. Daha çox istəkli olan komanda nəticəni əldə edir.
- Heyəti qorumaq çətin olmayacaq?
- Önəmlisi komandanı qorumaqdır. Komanda iki il ard-arda avrokuboklara vəsiqə əldə etdi. İnkişaf etmək istəyiriksə, futbolçuların da maaşları qalxmalıdır. Ümid edirəm ki, bu yöndə müsbət siqnal alacağıq. Rəhbərliklə hələ tam danışığımız olmayıb.
- Sizin də müqaviləniz bitir. Komandada qalacaqsız?
- Mən "Qəbələ"nin baş məşqçisiyəm, hələ ki, buradayam. Qarşıda nə olacağını heç kim bilmir.
- Adınız "Neftçi" ilə hallanır. Bu haqda nə deyə bilərsiniz?
- Heç vaxt müqaviləni düşünməmişəm. Burada münasibətlərdə qarşılıqlı hörmət. Finalda "Neftçi"ni məğlub edib sonrasına baxmaq istəyirəm. Bütün fikrim "Qəbələ"dədir.
Elçin Əlixan
saytlarin hazirlanmasi