“Parma”nın sabiq məşqçisi “Sabah”ın uğurunun sirrini bilir: “Əla iş görürlər”

15:15 - 15 Oktyabr 2026

“Sabah”ın sabiq futbolçusu, daha sonra bu komandada məşqçi kimi çalışmış Kristian Sebalyos futbolinfo.az saytına müsahibə verib.

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

– Hazırda vəziyyətiniz necədir? “Fiorentina”da işləyirdiniz, oradakı vəziyyət necədir? Bu kluba keçidiniz necə baş tutdu?

– Ötən mövsüm İtaliyanın aparıcı klublarından biri olan “Fiorentina”da çalışırdım. Orada yüksək səviyyəli futbolçular var idi və komanda üç cəbhədə mübarizə aparırdı. “Sabah”da köməkçi məşqçi kimi fəaliyyətə başladıqdan sonra bu təcrübəni yaşamaq mənim üçün möhtəşəm oldu. Bu mövsüm isə Karlos Kuesta ilə birlikdə “Parma”da işlədim. Komanda çempionata yaxşı başlamışdı və turnir cədvəlində 13-cü pillədə qərarlaşmışdı. Lakin klubla aramızda yaranan fikir ayrılıqlarına görə ayrılmaq qərarına gəldik. Bu, qarşılıqlı anlaşma şəraitində, yüksək peşəkarlıqla baş tutan ayrılıq idi. Düşünürdük ki, bu qərar hər iki tərəf üçün daha yaxşıdır. Hazırda məşqçi heyətimiz bir neçə təklifi dəyərləndirir. Ancaq növbəti layihəmizi diqqətlə seçmək istəyirik.

– İtaliya futbolu həm yüksək səviyyəsi, həm də çətinliyi ilə seçilir. İtaliya futbolu haqqında nə düşünürsünüz?

– İtaliya çempionatı məşqçinin özünü inkişaf etdirməsi üçün ən yaxşı liqadır. Bu, dünyanın taktiki baxımdan ən tələbkar çempionatıdır. Burada bütün meydança boyu fərdi mübarizəyə əsaslanan müdafiə sistemi ilə çıxış edən komandalarla qarşılaşırsınız. Futbolun üslubu getdikcə daha dinamik olur. Buna görə də futbolçuları fərdi səviyyədə daim inkişaf etdirmək, onların meydanda müxtəlif vəziyyətlərin öhdəsindən gəlməsinə kömək etmək lazımdır.

– Azərbaycan çempionatını izləyirsiniz?

– Bəli, Azərbaycan çempionatını izləməyə davam edirəm. Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrinin liqalarını izləyirəm. Mən işimə həddindən artıq bağlıyam. Gələcəkdə baş məşqçi olmaq ehtimalına qarşı hər gün özümü inkişaf etdirmək istəyirəm. Ətrafımda ən yaxşı mütəxəssislərin olmasına və müxtəlif çempionatlarda işləməyə çalışıram. Məqsədim yalnız taktiki biliklərimi artırmaq deyil, həm də klubların daxili idarəetmə və inkişaf mexanizmlərini öyrənməkdir.

– Sabiq komandanız “Sabah” “Slaviya”ya qalib gəldi. Qarşılaşma haqqında fikirləriniz necədir?

– Oyunu izlədim. Nəticə etibarilə, futbol səhvlərin daim baş verdiyi idman növüdür. “Sabah” isə rəqibin səhvlərindən və yaranan fürsətlərdən yaxşı yararlanmağı bacardı.

– “Sabah”ın indiyədək göstərdiyi nəticələr barədə nə düşünürsünüz? Komandanın belə çıxış edəcəyini əvvəlcədən gözləyirdinizmi?

– Bəli, bunu gözləyirdim. Çünki Maqsud Adıgözəlov və Ramin Həsənov uzun illərdir klubda əla iş görürlər. Onların aydın strategiyası və çox maraqlı layihəsi var. Onlarla ilk dəfə danışdığım gündən indiki uğurların baş verəcəyini bilirdim. İndi klub hər sahədə inkişafını davam etdirməlidir ki, uzun müddət ərzində müntəzəm olaraq titul qazanan komandaya çevrilsin. “Sabah”ın daha da inkişaf etməsi və İtaliya, İspaniya, İngiltərə kimi ölkələrin klublarının fəaliyyət modelinə uyğun işləməsi üçün hər cür imkanı var.

– Sizcə, “Sabah”ın uğurlarının sirri nədir?

– Həmişə dediyim kimi, insan öz bəxtini özü axtarıb tapmalıdır.

– Növbəti oyunda “Sabah”ı “Borussiya” ilə çətin qarşılaşma gözləyir. Sizcə, komanda bu dəfə də qələbə qazana bilərmi?

– Futbol 22 oyunçunun bir-birinə qarşı mübarizəsidir. Əgər yaxşı hazırlaşsalar, müsbət nəticə əldə etmək şansları ola bilər.

– Sizcə, “Sabah” yenidən Azərbaycan çempionu ola bilərmi?

– Bəli, əlbəttə. Komandanın çox yaxşı heyəti və yaxşı baş məşqçisi var. Onlar işlərində sabitliyi qorumalı və qalib gəlmək mentaliteti formalaşdırmalıdırlar. Bütün futbolçular Azərbaycan səviyyəsi üçün yüksək keyfiyyətə malikdirlər. “Sabah”ın digər komandalarla müqayisədə daha güclü heyəti var.

Xəbər xətti