"Qəbələ"nin futbolçusu İsnik Alimi Azərbaycan Premyer Liqasının 36-cı turunun "Kəpəz"lə matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az 29 yaşlı şimalı makedoniyalı yarımmüdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:
- Konfrans Liqasına vəsiqəni təmin etməyimiz kubokun finalında bizə yaxşı təsir edəcək. Çünki, biz artıq avrokubokları fikirləşməyəcəyik. Əgər bu fikirlə oyuna çıxsaydıq, bizdə təzyiq və stress yarada bilərdi. Final bizim üçün pozitiv olacaq.
- Final matçları adətən neytral meydanda keçirilir. Amma bu dəfə "Neftçi"nin stadionunda olacaq. Bu, sizə mənfi təsir etməyəcək?
Yox. Bu, bizi qorxutmur. Çünki, kubokun finalına çıxmaq üçün ilboyu mübarizə aparmışıq. Əsas məsələ odur ki, stadionda azarkeş çox olsun. Belə olduğu halda şanslar 50/50-dir.
- Oyunun sonuna yaxın "Kəpəz" hesabı bərabərləşdirdi. Bu, sizin üzərinizdə təzyiq yaratmadı?
- Əlbəttə ki, bu, qorxu yaratdı. Hesabda öndə olarkən Avropaya daha yaxın idik. Həmin anda rəqib hesabı bərabərləşdirdi. Bu, stress, təzyiq və qorxu yaradırdı. Necə oynadığımız önəmli deyil. Əsas odur ki, ardıcıl ikinci il Konfrans Liqasına vəsiqə qazandıq.
- Mətbuatda "Qəbələ"dən ayrılacağın deyilir. Bu haqda nə deyə bilərsən?
- Fikirlərim, motivasiyam 120 faiz "Qəbələ"dədir. İki məqsədimiz var idi. Biri avrokuboklara vəsiqə qazanmaq, bunu etdik. Digəri isə Azərbaycan Kubokunu qazanmaq. Bütün fikirlərim klubumladır. Kubokun finalından sonra istirahətə gedəcəyik. Mediada yazılanlarla bağlı məlumatım var. Amma heç bir şərh verə bilmərəm.
- Finaldan gözləntin nədir? Azarkeşlərə qələbə sözü verirsən?
- Həmin matçda əlimdən gələnin maksimumunu edəcəyəm. Zədə belə məni saxlaya bilməz. Belə halda da mübarizə aparacağam ki, kuboku qazanaq. Söz verə bilərəm. Amma çox şey baş verə bilər. Özümdən asılı olanlarla bağlı söz verirəm. Əlimdən gələni edəcəyəm.
- Kubokun finalı "Qəbələ"dəki gələcəyinə təsir edə bilər?
- Qalıb-qalmayacağımı bilmirəm. Kubokun nəticəsi fikirlərimə təsir etməyəcək. Kubokda "Qarabağ"ı mübarizədən kənarlaşdırandan sonra iddiamız artıb. Sona kimi getmək istəyirik. Şans əlimizdədir.
- Şimali Makedoniya mətbuatı sənin Azərbaycandakı çıxışınla maraqlanır?
- Bəli, maraqlanırlar. Burada titullar qazanan makedoniyalı futbolçular var ki, onlar da çempionat haqda soruşurlar. Soruşan hər kəsə Azərbaycan haqda xoş sözlər deyirəm. Burada futbol günü-gündən inkişaf edir.
- Kubokun finalında böyük dəstəyə ehtiyacınız var. Azarkeşlərə nə demək istəyirsən?
- Bütün azarkeşlərə səslənirəm, bu vacib oyuna gəlsinlər. Biz də yaxşı oynamağa çalışacağıq. İstərdim ki, stadionun 50 faizi "Qəbələ", 50 faizi "Neftçi" azarkeşləri ilə dolu olsun.
Elçin Əlixan
saytlarin hazirlanmasi