"Qəbələ" finalda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olub.
Sportal.az xəbər verir ki, matçdan sonra bölgə klubunun prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:
- Komandaya, məşqçilər korpusuna təşəkkür edirəm. Layiqli qələbə qazandıq. Həm çempionatda dördüncü yeri, həm də kuboku nəzərdə tuturam. Bütün azarkeşlərimizi təbrik edirəm.
- Heyəti qoruyub saxlamaq çətin olmayacaq?
- Çox çətindir. Amma komandanın əsas sütununu qorumağa çalışacağıq.
- Baş məşqçi yeni transferlərlə bağlı sizə müraciət edib?
- Bununla bağlı yaxın günlərdə baş məşqçi ilə görüşəcəyik. Gedən futbolçuların yerinə yenilərini transfer etmək məcburiyyətindəyik.
- Büdcə ilə bağlı dəyişiklik var?
- Xeyr. Ciddi bir dəyişiklik yoxdur.
- "Qəbələ"nin avrokuboklarda şansını necə dəyərləndirirsiniz?
- Gücümüz, potensialımız nəyə çatırsa, onu etməyə çalışırıq. Komanda Konfrans Liqasında iştirak etməyə layiqdir. Orada necə iştirak edəcəyimizi zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyimizi deyə bilmərəm.
- Legionerlərinizə təkliflər çoxdur. Onlarla yeni müqavilə ilə bağlı danışığınız olub?
- Məndə olan məlumata görə, legionerimizin ilk danışıq aparacağı klub "Qəbələ"dir. Bizimlə razılaşmasalar, başqa kluba gedəcəklər.
- "Qəbələ" iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Buna görə də komandadan gözləntilər çoxdur. Bu barədə nə deyə bilərsiniz?
- Yəqin ki, Konfrans Liqasında bizim potensial rəqiblərimizi görmüsüz. Başqa söz demək istəmirəm. Potensialımızdan maksimum istifadə edib ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq.
- Elmar Baxşıyev "Qəbələ"də qalacaq?
- Əlbəttə.
Elçin Əlixan
saytlarin hazirlanmasi