"Qəbələ"nin futbolçusu Ramon Maçado Azərbaycan Kubokunun "Neftçi" ilə final matçından (1:0) sonra Sportal.az saytına açıqlama verib.
Braziliyalı hücumçu kuboku qazanmağa layiq olduqlarını bildirib:
"Final oyununun "Neftçi"nin evində olmasına baxmayaraq, biz qalib gəlmək istəyirdik. Çətin matç olacağı bəlli idi. Çünki, finaldır. Final bir oyundan ibarət olduğuna görə, çox yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq üçün köklənmişdik. Bəli, sabiq klubuma qarşı oynayırdım. Çempionat matçında "Neftçi"yə qol vurmuşdum. Finalda da qol vurub komandama xeyir vermək istəyirdim. Çox şadam ki, kuboku qazana bildik. Bu, bizim üçün böyük uğurdur. Mövsümü yaxşı keçirdik. Həm avrokuboklara vəsiqə qazandıq, həm də kubokun qalibi olduq. Kuboku qazanmağa layiq idik".
"Qəbələ" ilə müqaviləsi başa çatan Ramon Maçado gələcəyi haqda danışıb. 32 yaşlı forvard yeni mövsümə harada başlayacağını hələ bilmədiyini deyib:
"Bu barədə bir söz deyə bilmərəm. Hər şeyi zamana buraxaq. Zaman hər şeyi göstərəcək".
Elçin Əlixan
saytlarin hazirlanmasi