"Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov Sportal.az saytına müsahibə verib. O, komandasının hazırlıq prosesindən və Konfrans Liqasının təsnifat mərhələsindəki "Omoniya" ilə görüşdən gözləntilərindən danışıb.
- Hazırlıq necə gedir? Yorğunçuluq var, yoxsa yaxşı dincələ bildin?
- Hazırlığımız yaxşı gedir. Kollektivdə xoş əhval-ruhiyyə hökm sürür. Yavaş-yavaş oyunçularımız da gəlir. Məşqçilərin dediklərinə əməl edirik. Yorğunçuluğa gəlincə, məncə 20 günlük istirahət kifayət etdi(gülür). Lazımınca dincələ bilmişəm, indi hazırlaşmaq vaxtıdır.
- Dünən "Sabah"la yoxlama görüşü keçirdiz və 2:2 hesabı ilə bərabərə qaldınız. Matç sizin üçün necə alındı?
- Əlbəttə, belə dönəmdə yoldaşlıq oyunları vacibdir. Çünki oyundan daha çox güc toplayırsan, nəinki məşqdən. Məşq xarakterli oyun idi, amma bolqollu keçdi. Yaxşı alındı. Belə oyunların olması yaxşıdır. Gücünü sınayırsan, həm də rəsmi oyunlaröncəsi güc toplayırsan.
- Mövsümün gedişində "Zirə" və "Səbail" başda olmaqla bir neçə yerli və xarici klublardan təklif almışdın. Maraqlıdır, niyə "Qəbələ"də qalmaq qərarı verdin?
- Düzdü, yaxşı maaşlar vəd edən klublardan təkliflər almışdım. Düşündüm ki, "Qəbələ"də qalmağım mənim üçün daha yaxşı olar. Çünki bu klub mənə doğmadır. Çalışacam ki, klub üçün yeni sezon da ən yaxşısını edim.
- Bəs, ölkə xaricinə nə vaxt yollanacaqsan? Heç bu barədə düşünmüsən, yoxsa xaricə yollanmaq planında yoxdur və bütün karyeranı ölkədə keçirmək istəyirsən?
- Xaricdən də təkliflər almışdım. Lakin ürəkaçan deyildi. Yəqin ki, yaxşı təklif olsa, "Qəbələ" xaricə yollanmağıma icazə verər. Amma indi bütün fikrim "Qəbələ"yə yönəlib.
- "Qəbələ"də hər zaman ehtiyat qolçu kimi tanınırsan. Yeni mövsümdən daha çox oynamaq haqqı qazanacağını ehtimal edirsən? Səncə, əsas forvard ola biləcəksən?
- Düşünürəm ki, bu mövsüm daha çox əsas heyətdə şans qazanacam. Çünki bunun üçün çalışıram. Səbirsizliklə liqanın başlamağını gözləyirəm. Daha çox qol vurub, komandama qələbə qazandırmaq niyyətindəyəm. Ümidvaram ki, hər şey istədiyim kimi alınacaq.
- "Qəbələ"dən çoxlu sayda, xüsusən də aparıcı oyunçular getdi. Qısa zamanda komplektləşib, yenidən güclü olmaq mümkündür?
- Düzdü, əsas oyunçularımız getdi. Amma məncə, gedənlər bizi itirmiş oldu (gülür). Hər birinə uğurlar arzulayıram. "Qəbələ" elə klubdu ki, bu cür hallarla çox rastlaşıb. Bizə yad hal deyil. Yeni futbolçularımız gedənlərdən heç də zəif deyillər. İnanıram ki, daha iddialı "Qəbələ" görəcəksiz.
- "Qəbələ"nin yeni transferləri Zurab Oçiqava, Ahmed Ayzaya və Luis Afriko barədə fikrin necədir?
- Hər üç futbolçu da keyfiyyətlidir. Gücümüzə güc qatacaqlarına inanıram. Bizim mehriban komandamız var. Komandaya uyğunlaşmaqda çətinlik çəkməyəcəklər.
- Son olaraq, Konfrans Liqasındakı rəqibiniz "Omoniya" haqda fikrini öyrənmək istəyirdim. Necə düşünürsən, Kipr təmsilçisini keçməyi bacaracaqsınız? Səncə, ötən mövsüm "Fehevar" düşəndə bəxtiniz gətirmişdi, yoxsa bu mövsüm sizin üçün daha uğurlu püşk alındı?
- Bəxtimizə ən güclü rəqib düşdü. Amma bu, o demək deyil ki, tez təslim olacağıq. Axıra qədər vuruşub, turu keçməyə çalışacağıq. Əlbəttə ki, ötən mövsümkü rəqibimizə baxanda, bu il daha güclü komanda ilə qarşılaşacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi