"Bizdə Özbəkistanda olan qədər meydançalar, akademiyalar, həmin klub modeli yoxdur"

16:59 - 25 Dekabr 2023

Özbəkistanın U-17 milli komandası dünya çempioantında 1/4 finala kimi irəliləməyi bacarıb, Asiya təmsilçisi 1/8 finalda güclü İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırmışdı.

Özbəklərin bu uğuru hər kəsi təəccübləndirdi. İnkişafın nədən qaynaqlandığını araşdırmaq üçün futbol agenti Vaqif Heydərliyə müraciət etdik. Vaqif bəy Sportal.az saytına verdiyi açıqlamasında bu inkişafın səbəbləri haqda danışdı. Onun sözlərinə görə, Özbəkistanda son illərdə yeni xeyli sayda meydançalar və akademiyalar açılıb:

"Bu, 1-2 ilin işi deyil. Son illərdə Özbəkistanda çoxlu sayda meydançalar salınıb, akademiyalar yaradılıb. Onların akademiyaları bizimlə müqayisə olunası deyil. İşə peşəkar yanaşırlar. Artıq orada "Yuventus"un, "Barselona"nın akademiyası açılıb. Bizdə də bəzən deyirlər ki, hansısa klubun akademiyasını açacagıq. Amma görürük ki, bu, bizdə çox çətindir. Özbəkistanda futbol kütləviləşdi. Bunun nəticəsi olaraq akademiyalar çoxalanda keyfiyyətli futbolçuların sayı da artır. Belədə həmin oyunçular klublarda da oyun təcrübəsi qazanırlar. Bununla yanaşı, özbəklər olimpiya komandası yaradıblar. Ölkənin perspektivli gəncləri orada çıxış edirlər. Bir vaxtlar Azərbaycanda "Şəfa" klubunda belə bir təcrübə olmuşdu. Özbəkistanın aşağı yaş qruplarından ibarət milli komandaları tez-tez beynəlxalq turnirlərdə, təlim-məşq toplanışlarında iştirak edirlər. Belə turnirlərdə iştirak edirlər deyə, bu futbolçu nəsli itmir. Son dövrlərdə post-sovet ölkələri arasında futbolda ən çox inkişaf edən Özbəkistandır. Son illərdə legioner həyatı yaşayan özbək futbolçuların sayı çoxdur. Özbək oyunçuları daha əvvəl bizim klublara transfer etmək daha asan idisə, indi isə onların perspektivli futbolçuları bizə diqqət ayırmırlar. İnkişaf üçün başqa çempionatları seçirlər".

Vaqif Heydərli Azərbaycanla Özbəkistanı müqayisə edərək bizdə onlarda olan infrastrukturun və modelin olmadığını dedi:

"Bizdə Özbəkistanda olan qədər meydançalar, akademiyalar, həmin klub modeli yoxdur. Ən vacibi bizdə futbolçular istəsin deyə, 18-23 yaş arası milli komandalar demək olar ki, yoxdur. Formal olaraq belə bir komanda var, ildə bir dəfə təlim-məşq toplanışı keçir. Sözün həqiqi mənasında yoxdur. Bu gün məsələn U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində çıxış etdi. Həmin oyunçulardan bir nəfər U-21-ə düşdü. Üç nəfər pasport probleminə, 4-5 nəfər hərbi xidmət məsələsinə görə son Avropa çempionatına gedə bilməmişdi. 2-3 il müddətində həmin futbolçuları necə qoruyacağıq? Bizim həqiqətən ciddi yanaşacağımız U-20 millimiz olmayacaqsa, onlar təlim-məşq toplanışlarında, beynəlxalq turnirlərdə iştirak etməyəcəksə, onlardan U-21-də və ya əsas millidə istifadə edə bilməyəcəyik. Sonra deyirlər milli komanda üçün keyfiyyətli sayılacaq futbolçu yoxdur".

Elçin Əlixan

Xəbər xətti