"Fernandu Santuşun yaşı önəmli deyil, işə başlamayıbsa, indidən "baltalamaq" olmaz" - MÜSAHİBƏ

18:23 - 15 İyun 2024

Azərbaycan milli komandasının sabiq futbolçusu Elvin Məmmədov Sportal.az saytına müsahibə verib.

- AFFA-nın Fernandu Santuşu millinin baş məşqçi postuna təyin etməsi sənin üçün gözlənilməz olmadıki?

- Milli komandaya kim gəlirsə-gəlsin, ona uğurlar arzu edirəm. Santuşun təyinatı bir az təəccüblüdür. Hər halda, ən azından Portuqaliya millisində yaxşı işlər görüb. Ümid edirəm ki, Azərbaycanda da yaxşı işlər görər. Təəccüblü olan o oldu ki, Azərbaycana nə yaxşı gəldi? Onu seçiblərsə, bu dəqiqə tənqid etməklə nəsə əldə olunası deyil. Əsas odur ki, rəsmi oyunlara çıxarsın, həmin vaxtkı oyun inkişafına baxdıqdan sonra nəsə demək mümkündür. Xeyirli və uğurlu olsun.

- Səncə, 69 yaşlı mütəxəssis millimizə nə verə bilər?

Yaş baxımından sizinlə razıyam. Amma niyə də olmasın? Onsuz da, dünya futbolunda da əsas işi görənlər məşqçinin köməkçiləridir. Yaş baxımından problem yoxdur. Əsas odur ki, Santuş Portuqaliyada böyük işlər görmüşdü. Ona inanaq və ümid edək ki, millimizdə dirçəliş olacaq, yüksək yerlər uğrunda mübarizə aparacaq. Yaş önəmli deyil, əsas odur nəticə versin. 

- Onun milli komandamıza uzunmüddətli layihə üçün dəvət edildiyi və əsas məqsədin AVRO-2028-ə vəsiqə uğrunda mübarizə aparmaq olduğu bildirilir. Səncə, Santuşun bunları etməsi nə dərəcədə realdır?

- Bu reallığı zaman göstərəcək. Çünki indidən bir söz demək çətindir. Oyunlar keçirilməyib. Bu barədə nəsə demək tezdir. Ən yaxşı variant bizim milli üzvlərinə və baş məşqçiyə dəstək olmağımızdır. Bəlkə nələrisə dəyişdi, niyə də olmasın? Futbolda hər şey mümkündür. Santuşun zəngin karyerası var, niyə də millimizdə uğurlu nəticə olmasın? Bunun üçün zaman lazımdır. Bizə xeyir verib-verməyəcəyini vaxt göstərəcək. 

- Səncə, Arif Əsədova elə Millətlər Liqasının oyunlarında güvənmək olmazdı? 

Birmənalı şəkildə razıyam ki, Arif Əsədova şans verilməli idi. Yerli məşqçiyə neçə vaxtdır ki, şans verilmir. Ən azından son oyunlarda millidə qığılcımlar var idi. Əsasən də Qazaxıstanla matçda millimiz çox yaxşı işlər gördü. Həm hücumda, həm də pressinq edərkən yaxşı idik. Qərarı AFFA verir, nə deyə bilərik? Santuşun bura gəlməsi...Adlı-sanlıdır, millidə nəticə vermək niyə də olmasın? İşə başlamayıbsa, indidən "baltalamaq" olmaz, lazım deyil. Bəlkə istədiyimiz kimi yaxş işlər görəcək, nəticələr olacaq. Yalnız dəstək olmaq lazımdır. Digər tərəfdən razıyam ki, Arif müəllim var idisə, niyə də olmasın? Ən azından bir tsikl baxmaq olardı. Ancaq qərar verilibsə, Santuşa da vaxt vermək lazımdır.

- Azərbaycan millisi Slovakiya, Estoniya və İsveçlə Mİllətlər Liqasında eyni qrupda yer alıb. Səncə, milli bu qrupda uğurlu nəticə əldə edə bilər?

- Ümid edək ki, millimiz yaxşı çıxış edib, xallar qazanacaq və qrupdan çıxar. Milliyə uğurlar.

Mirbağırağa

Xəbər xətti