II Liqada mübarizə aparan "Şahdağ Qusar"ın baş məşqçisi Elnur Abdullayev Sportal.az saytına müsahibə verib:
- Məşqçiliyə nə vaxt, harada başlamısız?
- Məşqçiliyə uşaq futbolundan başlamışam. "Səbail"in akademiyasında çalışmışam. Buna görə klub rəhbərliyinə təşəkkür edirəm. Fikrimcə, məşqçi kimi birdən-birə böyük futbola getmək yanlışdır. Çünki təcrübə yığmaq üçün ən real variant uşaq futboludur. Bu təcrübəni keçəndən sonra böyük futbola getmək daha məqsədəuyğundur. Uşaqlarla çalışmaq elədir ki, məşqçi kimi bir səhvin olanda onu sonradan düzəldirsən. Böyüklərlə belə səhvləri etmək düzgün olmur. 4 ilə yaxın "Səbail" akademiyanda çalışdım. U-13, U-14 və U-17 komandalarında baş məşqçi oldum. Bu müddət ərzində çox böyük təcrübə topladım.
- "Şahdağ Qusar"a təyinatınız necə baş tutdu?
- Klub məşqçi axtarışına çıxmışdı. Neçə illər çiyin-çiyinə futbol oynadığım Rahid Əmirquliyev rəhbərliyə mənim adımı təklif edib. Mənə güvəndiyi üçün Rahidə təşəkkür edirəm. Rəhbərliklə hərtərəfli danışdıq, anlaşdıq.
- Komandanın çempionatda hədəfi nədir?
- Qarşıma məqsəd qoyuldu ki, bu mövsüm "Şahdağ Qusar" çempion olmalıdır. Mən belə işlərdən çəkinmirəm, qorxmuram. Çətin işləri çox sevirəm. İnanıram ki, bu il çempion biz olarıq. Hazırda komandada vəziyyət yaxşıdır. Rəhbərlik istədiyim hər şeyi mənim üçün edir. Mən də futbolçularla birlikdə bunun qarşılığını vermək üçün əlindən gələni edirəm. 8 turdan sonra 1-ci yerdəyik, hər şey qaydasındadır. Hədəf çempionluqdur.
- Hədəfə çatmaq sizin üçün çətin olmayacaq?
- İstəmirəm ki, məni bura dəvət edənlərin başını aşağı edim. Çempion olmaq üçün lazım olan gücə malikik, komanda yaxşıdır. Futbolçularımdan razıyam, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirirlər.
- Son turda əsas rəqiblərinizdən olan "Haypers Quba"nı məğlub etdiniz. Bu matçı necə dəyərləndirirsiniz?
- Bilirdim ki, onlarla oyun çətin olacaq. Rəqib də çempionluğa oynayır. Bir məğlubiyyətləri var idi, o da texniki məğlubiyyət. Qalan oyunları qələbə ilə başa vurmuşdular. Meydana qələbə üçün çıxmışdıq. İlk hissədən çox razı qaldım. Hansı çətinliklərin olacağını bilirdim. Çünki biz süni örtükdə məşq edirik. Rəqib isə ev oyunlarını təbii örtüklü meydançada keçirir. İkinci hissədə bir az problem yaşadıq. Uşaqlarda yorğunluq gördüm. Bu da normaldır. Süni örtükdən təbiiyə keçəndə belə hallar olur.
- "Şahdağ Qusar" ev oyunlarını Qusarda keçirmir. Bu, komandaya necə təsir edir?
- Ev oyunlarını Şamaxıda keçirməyimiz məcburiyyətdəndir. Çünki Qusardakı yeni stadion təmirdədir, orada oyunlarımızı keçirə bilmirik. Azarkeşsiz oynamaq bizim üçün çətindir. İnşallah "Şahdağ Qusar" azarkeşlərinə bu il çempionluq hədiyyə edərik. Onlar buna layiqdir. "Haypers Quba" ilə səfər oyununda da göstərdilər ki, biz sizin yanınızdayıq. Komandanı necə dəstəklədiklərinin şahidi oldum. İnanın ki, Premyer Liqada tək-tük komandanın oyununa belə azarkeş gəlir. 90 dəqiqə dayanmadan komandaya dəstək oldular. İnşallah "Şahdağ Qusar" ev oyunlarını Qusarda keçirsin və əminəm ki, stadiona bundan da çox tamaşaçı gələcək.
- 2-ci Liqada rəqabət necədir? Bu liqanın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Kimsə düşünürsə ki, bu liqa asandır, deyərdim ki, xeyr. Düşündükləri qədər asan liqa deyil. Ən böyük çətinliklər meydança amili ilə bağlıdır. Şəxsən mənim komandam üçün problem yaradır. "Haypers Quba", "Şəfa", "Şimal" bizimlə çempionluq uğrunda mübarizə aparır. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Premyer Liqada bilirsən ki, hansı komanda hansı sistemlə oynayır. Burada elə komandalar var ki, hansı futbolu oynadıqlarını bilmək üçün çətinlik çəkirik. Baxımlı futbol oynayan rəqiblər də var. İnanıram ki, bu çətinliyin öhdəsindən gələrik və çempionluğu qeyd edərik.
Elçin Əlixan
saytlarin hazirlanmasi