"Sabah"da yalnız Elşad Əhmədov və Murad Musayev - Renduliç də tam mövsüm işləyə bilmədi

16:45 - 25 Noyabr 2024

Ölkə futbolunda günün xəbəri "Sabah"dan gəldi. Klub açıqlama yaydı ki, xorvat mütəxəssis Krunoslav Renduliçlə yollar ayrılıb. 

Bununla da, Premyer Liqada 7-ci mövsümünü keçirən "Sabah" elita tarixində 7-ci məşqçisi ilə işbirliyinə son verdi. Maraqlı fakt ondan ibarətdir ki, bu məşqçilərdən yalnız ikisi - Elşad Əhmədov və Murad Musayev tam bir mövsüm komandanı çalışdırıblar. 

2018/19-cu il mövsümündə "Sabah"ın baş məşqçisi olan Elşad Əhmədov növbəti mövsüm 4 turdan sonra istefaya yollanıb. Əhmədovu vakant postda İqor Ponomaryov əvəzləsə də, o da mövsümün gedişində yerini Jelko Şopiçə təhvil verib. 

2020/21-ci il mövsümünə "Sabah" Visente Qomeslə start verib. Lakin sezonun sonlarında komanda Ramin Quliyevə tapşırılıb. İspan mütəxəssisin yerinə keçən Quliyev ilk vaxtlarda ümid versə də, növbəti mövsüm 7 oyuna 1 xal toplamaqla ayrılığı qaçılmaz edib. Ponomaryovun 2 oyunluq fəaliyyətindən sonra "Sabah"da iş başına Murad Musayev keçib. Həmin mövsümü, ardınca 2022/23 mövsümünü də işləmiş Musayev, 2023/24-cü il mövsümünün gedişində istefa verib. 

Bu dəfə də Ponomaryov bir neçə oyunda "Sabah"ı meydana çıxarıb. Mövsümün sonlarına yaxın Krunoslav Renduliç baş məşqçi postuna gətirilib. Lakin onun da fəaliyyəti uzun çəkməyib. Ötən mövsümün sonlarında gələn xorvat məşqçi cari mövsümün 14-cü turundan sonra klubdan ayrılmalı olub. 

Qeyd edək ki, "Sabah" Premyer Liqada 14 turdan sonra 19 xal toplayıb və bu nəticə ilə turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 

Xəbər xətti