Avropa çempionatı: Millimiz İsveçlə heç-heçə etdi

22:24 - 17 Dekabr 2024

Bu gün futzal üzrə AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, komandamız Bakı idman Sarayında İsveçlə qarşılaşıb. 

Oyuna fəal başlayan millimiz 2-ci dəqiqədə hesabı açıb. Oktay Rüstəmli rəqib torunu silkələyib. Fasiləyə qədər skandinavlar tablodakı rəqəmlərə tarazlıq gətirdi. Elə komandalar fasiləyə sülhlə yollanıb.

İkinci hissəyə də millimiz fəal başladı. Bu dəfə Xəzər Ağalızadə fərqlənməklə komandamıza yenidən üstünlük qazandırdı. 25-ci dəqiqədə isə Tofiq Mikayılovun müdafiənin arxasına ötürməsini Emil Həsənzadə əla ram edib çərçivəyə istiqamətləndirsə də, yolüstü qapıçının toxunduğu “yuvarlaq meşin” dirəyə dəyib geri qayıtdı. 27-ci dəqiqədə Oktayın dubl etməsi üçün azacıq dəqiqlik çatmadı. Əvəzində 34 və 38-ci dəqiqələrdə qonaqlar ardıcıl 2 qol vurdu və matçda ilk dəfə hesabda önə keçdi. Sona 2 saniyə qalmış Oktay Rüstəmli hesabı bərabərləşdirməklə komandamıza ilk xalı qazandırdı.

Azərbaycan İsveç (1:1) 3:3

AÇ-2026. Əsas mərhələ. V qrup

17 dekabr. Bakı idman Sarayı. Saat 20:00

Qollar: Oktay Rüstəmli, 1:17, 39:58, Xəzər Ağalızadə, 22:47 // Hampus Furublad, 13:28, Fredrik Soderqvist, 33:52, Bryan Yohansson, 37:06

Xəbər xətti