"Qarabağ"ın sabiq futbolçusu Təbriz Həsənov Sportal.az saytına açıqlama verib. O, Juninyo Olavio, Julio Romao və Riçard Almeydanın Ağdam klubundan ayrılığına münasibət bildirib:
"Təbii ki, Romao və Juninyonun gedişi “Qarabağ” üçün itkidir. Onlar əsas heyət üzvləri idi. Hər ikisinin də komandanın qələbələrində böyük əməyi olub. "Qarabağ" avrokuboklardakı çıxışını dayandırıb. Azərbaycan çempionatında isə digər klublarla xal fərqi yüksəkdir. “Qarabağ” Romao və Juninyosuz da çempionatın sonuna qədər rahat oynaya bilər. Amma yeni mövsüm Juninyo və Romaonun yerini doldurmaq lazım olacaq. Hər halda, o səviyyədə və ya ondan da yaxşısını tapmalıdırlar. Yəqin ki, planlarında var və heyəti gücləndirəcəklər.
Avropa Liqasında yeni format bir az istədiyimiz kimi alınmadı. Rəhbərlik və məşqçilər də gələn sezon üçün daha səviyyəli legionerlər axtarıb-tapacaqlar. Riçard Almeydanın komandadan gedişinə gəlincə, o, əvvəlki formasını saxlaya bilmir. Bu da normaldır, əvvəlki yaşında deyil. Yəqin ki, özü də getmək istəyib. Çünki qarşılıqlı razılaşma var idi. Hər halda, Almeydaya neçə illər Azərbaycanda göstərdiyi oyununa və çəkdiyi əziyyətə görə təşəkkürümüzü bildiririk. Yaxşı futbolçu olub, yolu açıq olsun”.
Azərbaycan çempionunun keçmiş futbolçusu Kadi Borgesin geri qayıdışına da fikir bildirib: “Kadi Borgesin qayıdışı sevindiricidr. O, "Qarabağ"dan ayrılanda pik formasında idi. Ancaq düzü, ondan sonra "Krasnodar"da, "Ferentsvaroş”da oyununu izləməmişəm. Sadəcə onu xatırlayıram ki, "Qarabağ"dan gedəndə çox yaxşı formada idi. Onun qayıdışı komandanın xeyrinədir. Amma daha güclü qayıdıb-qayıtmadığını zaman göstərəcək. Son görüşdə asist etdi, qol vurdu, sevindiricidir. Qarşıdakı oyunlarda Kadini daha yaxşı görəcəyik, bacarıqlı və keyfiyyətli futbolçudur. "Qarabağ"dakı əvvəlki formasını yəqin bərpa edəcək, ondan da yaxşı olacaq. Buna ümid edirik”.
“Sabah” futbol akademiyasında koordinator kimi çalışan Həsənov AFFA-nın yeni sezon üçün Premyer Liqada legioner limitini ləğv etməsi haqda bu cür danışıb: “Premyer Liqada klub sayının 12-yə yüksəldilməsi sevindiric haldır. Yəqin ki, ildən-ilə komanda sayı artacaq. İstəyərdik ki, komandanın sayı çoxaldıqca, keyfiyyət də artsın. Legioner limitinin ləğv edilməsi azərbaycanlı futbolçuların oynayıb-oynamamasına təsir etməyəcək. Yaxşı futbolçu istənilən komandada oynayacaq, legionerlərlə rəqabət aparacaq. Düşünmürəm ki, 12 komandanın hamısı da legioner limitinin ləğv edilməsindən istifadə edəcək. Maksimum 4-5 komandamız bundan yararlanacaq. Azərbaycanlı futbolçular oynamağa yer də tapacaq. Bəlkə də, yerlilərin xarici liqalarda iştirak etməsi bundan sonra daha rahat olacaq. Təbii ki, top-liqaları demirəm. Amma istənilən halda, Avropaya yollanaraq oralarda oynaya bilərlər. Üstəlik, Azərbaycan Birinci Liqasının da da səviyyəsi yüksələcək. Premyer Liqada oynaya bilməyənlər orada iştirak edəcəklər. Bunlar hamısı kompleks şəkildə olan məsələlərdir, hər şey yavaş-yavaş öz əksini tapacaq. Çünki bu strategiya hər şeyi əhatə edir. Premyer Liqada legionerlərin artması ilə komandaların və çempionatımızın səviyyəsi yüksələcək. İddialı komandalarımız var ki, avrokuboklarda özlərini yaxşı tərəfdən göstərəcəklər. Çünki səviyyəli legionerlər gətirmək məcburiyyətində qalacaqlar. Yaxşı, istedadlı yerli futbolçular hər zaman oynamağa yer atapacaqlar. Ən azından xaricə də qapılar açıqdır, istədikləri liqalarda gedib oynaya bilərlər. Öz üzərilərində daha çox çalışmalıdırlar”.