"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov Sportal.az saytına müsahibə verib.
- "Neftçi" Premyer Liqanın 22-ci turunda "Zirə"ni məğlub etdi. Kubok görüşünü də saysaq, "Neftçi" artıq 3 oyundur ki, qalib gəlir. Sizcə, "Neftçi" qalibiyyətin yolunu tapıb, yoxsa şansdır onlara kömək olan? Ümumiyyətlə, "Neftçi"nin "Zirə"ni məğlub etməsi sizin üçün sürpriz oldu?
- "Neftçi" hansı oyuna çıxırsa, favorit kimi çıxır. Mən onları favorit kimi görürəm. Amma oyun başlayandan sonra gedişatın necə olacağını, 90 dəqiqə göstərir. Son üç matçdakı nəticələri deyirsizsə, "Zirə"yə qarşı da yaxşı oynadılar, pis oynamadılar. "Neftçi" hansı ildə nə qədər zəif olsa belə, yenə də oyunların favoritidir. Bu, mənə görədir.
- Maraqlı məqam odur ki, "Neftçi" bu sezon heç də inamlı təsir bağışlamasa belə, "Zirə"ni iki dəfə məğlub edə bilib. Bunu nə ilə əlaqələndirmək olar? "Neftçi" "Zirə" üçün arzuolunmaz rəqibdir? Yəni uyğun olmayan?
- Yox, arzuolunmaz rəqib deməzdim. Sadəcə "Zirə" və "Neftçi" klublarının oyunu həmişə gərgin keçir. Burada futbolçu keyfiyyəti də önəm daşıyır. "Neftçi"də futbolçuların keyfiyyəti o qədər aşağı deyil ki, "Zirə"yə qarşı yaxşı oynamasınlar, ya da "Zirə"yə uduzsunlar. Komandalar da bir-birini yaxşı tanıyır. Artıq bir-biriləri ilə az oynamayıblar.
- "Neftçi"nin oyun sarıdan necə, artırdığını demək olar? Daim "Neftçi"dən gözlənti iddialı, dominant və görkəmli futbol oynamasıdır. Bunu "Neftçi"də görürsüz?
- "Neftçi"nin bugünkü gündə dominant futbol oynamasını demək bir az çətindir. Amma onlara bu vəziyyətə dominantlıq lazım deyil. "Neftçi"yə qələbə qazanmaq vacibdir. Onlar üçün yaxşı oynayıb, uduzmaq yox, pis oynayıb qalib gəlmək lazımdır. Məncə, bu strategiyanı da əsas götürüblər. Elə də davam etsinlər. Çünki yaxşı oyun 3 xal gətirmir. Mövsüm sonuna maksimum xal toplayıb, kuboku götürməlisən. Mənə görə, "Neftçi" yaxşı oynamasa da, üç xal üçün mübarizə aparmalıdır.
- "Neftçi" 22 turdan sonra 6-cı pillədədir. "Neftçi" lider "Qarabağ"dan 29 xal geridə qalır. Halbuki çoxları düşünürdü ki, "Neftçi" bu sezon "Qarabağ"la çempionluq mübarizəsində yer alacaq...
- Doğrudur, bu iki komanda arasında xal fərqi çox böyükdür. Hamımız düşünürdük ki, "Neftçi" çempionluq mübarizəsi üçün rəqabət aparacaq komanda olacaq. Baş məşqçilərin dəyişiklikləri, məşqçilərin komandanı formalaşdırması nəticələrə böyük təsir etdi. "Neftçi" bu mövsümü yox, yeni sezonu düşünməlidir. Bu sezon maksimum nə edə bilirlərsə, etməli və yeni mövsümün komandasını qurmalıdırlar.
- Növbəti turda Azərbaycan derbisi yaşanacaq. "Neftçi" "Qarabağ"la qarşılaşacaq. Bu matç haqda fikrin necədir? Səncə, "Neftçi" "Qarabağ"ı məğlub edə bilər?
- Bəli, bu iki komandanın oyunu derbidir. Yaxşı oyunlar olur. "Neftçi" "Qarabağ"dan zəif görünsə də, turnir cədvəlində aşağı pillədə qərarlaşsa da, şanslar 50/50-dir. "Neftçi" zəif vaxtında belə, "Qarabağ"a qarşı yaxşı müqavimət göstərə bilib. Futbolda hər şey olur. "Qarabağ" hazırda daha hazırlıqlı və daha komplektləşmiş, daha yaxşı formada olan komandadır. Amma "Qarabağ"da da eniş var. Sadəcə onların oyun üslubu var. Maraqlı görüş olacaq.
- "Neftçi" artıq 4 ildir ki, "Qarabağ"ı məğlub edə bilmir. Səncə, bu uzun müddət deyil? Niyə bu illər ərzində "Neftçi" "Qarabağ"ı təsadüf nəticəsində olsa belə, uda bilməyib? Ola bilər ki, "Qarabağ" "Neftçi"yə çempionluq matçını uduzduqdan sonra onlara bir oyunda belə, xal itirmək istəmir?
- Düşünmürəm ki, çempion olduqdan sonra belə qənaətə gəliblər. Sadəcə "Qarabağ" "Neftçi" ilə oyuna tam fərqli hazırlaşır. Çünki "Qarabağ"ın rəqibi həmişə "Neftçi" olub. Son zamanları nəzərdə tuturam. Ona görə də "Qarabağ" "Neftçi" ilə oyunun fərqində olurlar və hansı komandaya qaşrı oynadıqlarını bilirlər. Ölkənin əvvəlki illərdən indiyə qədər birinci komandası "Neftçi" olub. "Qarabağ" da onu üstələyir. Bu oyunlar azareşlərin də oyunudur. Heç bir azarkeş "Qarabağ"a uduzmaq istəmir. Bu oyunu daha da maraqlı edən elə azarkeş amilidir. "Neftçi" nə qədər zəif olsa da, "Qarabağ"la oyunlarda şansı 50/50-ə olur. "Qarabağ" 29 xal öndədir, ancaq ağır görüş olacaq. Hansı komanda güclüdürsə, qalib gəlsin.
Mirbağırağa