Çempionatın üçüncü dövrəsi bitmək üzrədir. Sona vur-tut bir dövrə qalıb. Bu mövsüm də gedişatına görə əvvəlkinə bənzəyir. Bir neçə komanda elitada yerini qorumaq üçün, bir neçəsi də avrokuboklara vəsiqə qazanmaq üçün savaşır. Çempionluq kuboku da artıq adət etdiyimiz sahibini, yəni "Qarabağ"ı gözləyir.
Mübarizənin 3/4 hissəsi arxada qalıb. Hər komandanı xarakterizə etmək, gücünün nədə, gücsüzlüyünün nədən olduğunu demək olar, bir "Sabah" xaric. Vasili Berezutskinin komandasından baş açmaq çətindir...
Rusiyalı məşqçinin qış fasiləsindən sonra yaxşı nəticələr qazanacağı ehtimal edilsə də, 3-cü dövrə rəhbərliyi sevindirmədi - 1 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət!
"Sabah"ın qəribəliyi ondadır ki, güclülərə qarşı güclü, autsayderlərə qarşı zəif oynayır. 3-cü dövrədə aldığı 2 məğlubiyyətin "Kəpəz" və "Şamaxı"dan olmasını demək kifayətdir. Buna "Səbail" və "Sumqayıt"la heç-heçələri də əlavə etsək, "Sabah"ın nə üçün yerində saydığını görmək olar.
Berezutskinin komandası dünən evdə "Zirə" ilə bərabərə qaldı. Bu xal həm də yaxşı oyunla qazanıldı. Buna qədər "Turan Tovuz" üzərində qələbə, "Qarabağ", "Araz-Naxçıvan", "Neftçi" ilə heç-heçələr olmuşdu. Həmin oyunlarda da "Sabah" yaxşı oyun sərgiləmişdi.
27 turda 14 heç-heçə. "Sabah"ın uğursuzluğunu şərtləndirən amillərdən biri də bu heç-heçələrdi. Bu oyunlardan yarısını udub, yarısında uduzsaydı, indi xal ehtiyatına görə daha yaxşı durumda olardı.
Həmid
saytlarin hazirlanmasi