Legioner həyatı yaşayan azərbaycanlı: "Rus dilində yaxşı bilmədiyim üçün mənimlə zarafat edirlər"

10:21 - 24 Mart 2025

Qırğızıstanda "Alay" klubunda oynayan Ramin Əhmədov artıq yeni komandasında debüt qolunu vurmağı bacarıb.

Sportal.az saytına açıqlama verən həmyerlimiz vurduğu qol haqda danışıb: "İlk oyunumda həyəcan var idi. Lakin gərginlik yox, sadəcə sevinclə bağlı oldu. Hər şey yaxşı alındı. Qol da vurdum. Penaltini dəqiq yerinə yetirdim. Məşqçilərin inamını qazanmaq məni də sevindirir. Onlarda belə məsləhət bildilər, penaltini mənə həvalə etdilər. Daim əlimdən gələni edəcəm ki, komandama faydalı olum".

O, "Alay"ın heyətində və Qırğızıstanda adaptasiya problemi yaşamadığını söyləyib. Buna səbəb isə komanda yoldaşları arasında Azərbaycandan tanıdığı İldar Alekperov, Habil Nurəhmədovdur: "Mehriban kollektivimiz var. Hamı məni yaxşı qarşılayıb. Qırğızıstanda adaptasiya problemi yaşamadım. İldar Alekperov və Habil Nurəhmədov da komanda yoldaşımdır. Günümüz birlikdə keçir. Rus dilində yaxşı bilmədiyim üçün mənimlə zarafat edirlər(gülür). Hər halda, yad yerdə olmadığımı hiss edirəm, hər şey yaxşı gedir".

Qeyd edək ki, Ramin Əhmədov "Şamaxı"dan ayrıldıqdan sonra "Alay"la müqavilə imzalamışdı.

Xəbər xətti