"Marsel"lə Bakıdakı oyunda futbolçularından əllə vurulan qolu hakimə etiraf etməsini istəyən Qurban Qurbanovu alqışlayanlar da olmuşdu, qınayanlar da. Həyatda hamı qələbə qazanmaq istəyir, kim istəməz ki... Fərq ondadır ki, bəziləri qələbə üçün hər yola əl atmağa hazırdılar, elələri də var ki, yalnız haqqı ilə əldə etmək istəyir həmin qələbəni.
O vaxt bu məsələyə nöqtəni cənab İlham Əliyev qoymuşdu: "Qurban Qurbanov göstərdi ki, bizə ədalətsiz qələbələr lazım deyil".
Cənab prezidentin üzdə olan adamlardan kimə necə münasibət bəslədiyini yalnız təxmin etmək olar. Şəxsən mənə elə gəlir ki, İlham Əliyev həmişə Qurban Qurbanova rəğbətlə yanaşıb, ona dəyər verib. Təbii ki, ilk növbədə işinə görə. Gözəl ailəsinin və Qurban Qurbanovun şah əsəri sayılan "Qarabağ" uzun illərdi bu adı qürurla daşıyır, həm də Qarabağın təbliğatçısı kimi ölkəmizə faydalı olur.
Amma zənnimcə İlham Əliyevin Qurban Qurbanova bəslədiyi münasibət tək işinə görə deyil. Burada insanlıq faktoru da çox mühüm rol oynayır. Cənab prezident "Qarabağ"ı qəbul edərkən, bir neçə dəfə Qurban Qurbanovun təmkinli xarakterini, səbirli davranışını vurğulayıb.
Qurban Qurbanov rəsmən milyonçudur. Məmur deyil, bu pulu alın təriylə, əziyyətlə, haqqı ilə qazanıb. Xaricdən gələn təkliflərə açıq olsaydı, rahatlıqla bir neçə qatını da qazana bilərdi. Ən önəmli məsələ odur ki, böyük pullar belə, bu adam kimi adamı dəyişmədi. Nüfuzu artdıqca, gəliri çoxaldıqca, sadəliyini qoruyub saxlaya bildi.
Bütün bunlardan cənab prezident də məlumatlıdır. İlham Əliyev də bunu eşidir, bilir, görür. Əminəm ki, belə bir nümunəvi vətəndaşının adına çox sevinir. Ona görə də, həm yaxşı məşqçi, həm də yaxşı insan olan Qurban Qurbanova belə dəyər verir.
Emin Abbasov
saytlarin hazirlanmasi