"Şamaxı" Premyer Liqada yerini itirdi, qayıtdı. Sonra "Qəbələ". İndi də "Səbail" elitaya qayıtmağa çalışacaq. "Kəpəz" isə hər şeyə rəğmən, bu illərdə yerini qoruya bildi, düşmədi aşağıya.
Gedişatdan belə görünür ki, "Şamaxı" və "Qəbələ" başına gələnlərdən dərs çıxarıb. "Kəpəz" isə hər dəfə fəlakətdən dönə-dönə heç nə öyrənməyib.
İlk 5 oyunda 5 məğlubiyyət! Cəmi 2 qol vurub, qapılarında 16 qol görüblər. Sual yaranır ki, niyə? Axı, Adil Şükürovun komandanı Premyer Liqaya hazırlaması üçün kifayət qədər vaxtı olub. Transferlər də tələsmədən edilib. Amma nə məşqçi işi hiss olunur, nə də futbolçular fərdi keyfiyyətləri hesabına nəsə edə bilir.
Ölkədə "Kəpəz"ə "dərman" olacaq vur-tut bir-iki məşqçi var ki, onların da belə çətin vəziyyətdə bu yükün altına girib-girməyəcəyi bilinmir. Əcnəbi gəlib uyğunlaşana qədər "qatar gedə bilər".
Yeni "Kəpəz" rəhbərliyinin "yaxşıdan daha yaxşı" istəyi çox pis nəticələrə gətirib çıxardı. Ötən mövsüm qışdan sonra hətta iddialı komandalara meydan oxuyan Azər Bağırovun "Kəpəz"i hara, indi bir xala belə həsrət qalan komanda hara...
Adil Şükürov gedir, problemlər isə qalır. "Kəpəz" bu durumdan necə çıxacaq?
Həmid
saytlarin hazirlanmasi