"Zirə” ilə matçda məğlubiyyəti haqq etmirdik. Məncə, qələbəyə daha biz idik. Hər iki hissəni yaxşı səviyyədə keçirdik, lakin sonda məğlub olduq. Hər halda, əlavə vaxtda uduzduq. Amma mən komandamla qürur duyuram, çünki biz sona qədər mübarizə apardıq, döyüşdük. Lakin bu, mərhələ adlamağımıza bəs etmədi. Təəssüflənirəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Sessi Dalmeyda ölkə kubokunun 1/8 final matçının “Zirə”yə(1:0) qarşı keçirilmiş görüşündən sonra deyib. Sessi “Zirə”yə məğlubiyyəti yorğunluqla da əlaqələndirib: “Penaltiləri gözləmək olardı. Özüm də onu hiss elədim. Əslində, biz qalib gəlmək istəyirdik. Sadəcə sona qədər gücümüz qalmadı. Ayaqlarımız bizi irəliyə aparmadı. Bu da sonda məğlubiyyətə gətirib çıxardı. “Zirə” ilə matçda qalib gəlmək üçün lazımi mentalitet və güc çatmadı”.
O, Samir Abasovun gedişindən sonra kollektivə nələrin müsbət tərəfə dəyişdiyini də açıqlayıb: “Fikrimcə, mentalitet yaxşıya doğu dəyişib. Oyunçular indi komanda üçün daha çox fədakarlıq edirlər. Yeni baş məşqçi ilə çoxlu müsbət dəyişikliklər var, yeni düşüncə, yeni yanaşmanı görürük. Ona işləmək üçün imkan versək, böyük işlər görəcəyinə inanıram”.
Yayda “Apollon”u “Neftçi”yə dəyişmiş futbolçu buna görə peşman olmadığını və hazırkı komandasında işlərin düzələcəyinə inandığını söyləyib: “Xeyr, “Apollon”dan “Neftçi”yə keçdiyim üçün səhv addım atdığımı düşünmürəm. Məsələ o komanda yaxşıdır, ya bu komanda yaxşıdır deyil. “Neftçi”yə hədəflərim olaraq gəlmişəm. Sadəcə vaxta ehtiyacımız var. Düzdür, bunu demək də asan deyil, çünki artıq dekabrdayıq. Hər halda, mən komandamıza çox inanıram. Bizim dönüş nöqtəsinə ehtiyacımız var. Vensan Abubakar kimi futbolçu da gəlib, komandada inam yaranıb. Güclü, böyük futbolçularımız var. “Zirə”yə uduzduq, amma o demək deyil ki, zəifik. Bu mövsüm nəsə əldə edəcəyik, çox inanıram. Amma daha çox mübarizə aparmalıyıq. Meydançada yıxıldınsa, yenidən qalxıb sona qədər sprint etməlisən. Bu cür mentalitetə ehtiyacımız var”.
Mirbağırağa
saytlarin hazirlanmasi
