"Sabah"ın futbolçusu Umarali Raxmonaliyev Misli Premyer Liqasının 15-ci turunun "Turan Tovuz"la matçından sonra Sportal.az saytına müsahibə verib.
Özbəkistanlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırırıq:
- "Turan Tovuz" səfəri sizin üçün necə alındı?
- Tovuza bir gün əvvəl getmişdik, qatarla 6 saatlıq yolumuz oldu. Uzun səfərlər hər zaman bir az mane olur. Amma buna baxmayaraq, öz hədəflərimiz üçün oynayırıq. Meydançanın durumunu da gördünüz. Bəlkə ot örtüyü ilk dəqiqələrdən azarkeşlər üçün yaxşı görünə bilərdi. Amma meydanda hərəkət edəndə görürsən ki, o qədər də yaxşı durumda deyil. Top yuxarı tullanırdı. Bu da bizə problem yaratdı. Çünki biz topla daha çox oynayan komandayıq. Topa nəzarət edərək, hücumlarımızı qurmağa çalışırıq. Meydançanın durumu təsirini göstərdi. Oyundan əvvəl bu haqda danışmışdıq ki, heç nəyə baxmayaraq, elə oynamlıyıq ki, rəqibə şans verməyək. Allaha şükürlər olsun ki, öz məqsədimizə çatdıq.
- "Sabah"da icarədə oynayırsan. Burada qalmaq haqda düşünürsən, yoxsa "Rubin"ə qayıdacaqsan?
- Mənim "Sabah"la dekabrın 31-nə qədər müqaviləm var. Hələ bu məsələyə qərar verməmişik. Biz danışacağıq, hansı daha yaxşısıdır, onu götür-qoy edəcəyik. İlk növbədə "Rubin"lə bu mövzuda müzakirə aparacaağıq.
- Özün "Sabah"da qalmaq istəyirsən?
- Əlbəttə ki, indi burada olmağım xoşuma gəlir. "Sabah"da özümü rahat hiss edirəm. Biz komanda olaraq demək olar ki, çempionluq uğrunda mübarizə aparırıq. Görək də, necə olacaq. Mən arzulayıram ki, hansı seçim olsa da, hər şey yaxşı olsun.
- Özbəkistan millisi dünya çempionatında iştirak edəcək. "Sabah"dakı performansınla mundialda olacağına inanırsan?
- Bu haqda düşünürəm. Dünya çempionatının heyətinə düşmək üçün əlimdən gələni edəcəm. Əgər biz bu cür səviyyədə oynamağa davam etsək, düşünürəm ki, bəli, Özbəkistan millisinə dəvət edilə bilərəm.
- Ayın 18-də "Qarabağ"la təxirə salınmış oyununuz var. Bu matç haqda fikrin necədir?
- "Qarabağ" ölkənin lider komandası kimi qəbul edilir. Biz də təbii ki, bu oyuna heç bir qorxu olmadan hazırlaşacağıq. Öz azarkeşlərimiz üçün yaxşı oyun göstərməyə çalışacağıq. Necə olacağını matçdan sonra görəcəyik.
- "Sabah"ın potensialı imkan verir ki, "Qarabağ"la çempionluq uğrunda sona qədər mübarizə aparsın?
- Bu cür suala artıq cavab verdim(gülür). Çox danışmaq əvəzinə, bunu hərəkətlərinizlə göstərmək daha yaxşıdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi
