"Karvan-Yevlax"ın müdafiəçisi Elvin Yunuszadə Sportal.az saytına müsahibə verib.
- "Karvan-Yevlax" "İmişli" ilə görüşdə bir xal əldə edə bildi. Bu matçda bir xal sizi nə qədər razı saldı? Hazırkı dönəmdə bir xal sizin üçün nə dərəcədə yaxşı sayıla bilər?
- Əlbəttə ki, "İmişli" ilə oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Bu oyunu da qalib başa vura bilərdik. Amma havanın və meydançanın durumunun pis olması, oyunu da çətinləşdirdi. Hər iki komanda mübarizə apardı. Hər halda, ədalətli nəticə bərabərlik idi. Səfərdə bir xal da pis deyil. Növbəti oyuna hazırlaşacağıq.
- Füzuli Məmmədovun gəlişindən sonra hansı yöndə dəyişiklik hiss edirsiz? Yoxsa, hələ ki qlobal oyun sarıdan nəsə dəyişən bir şey yoxdur və zamanla ola biləcək bir şeydir?
- Komanda bugünkü gündə fiziki olaraq da daha yaxşı durumdadır. Bunu özümüz də hiss edirik. Taktiki tərəfdən də irəliləyiş var. Amma bunun üçün zamana da ehtiyacımız var. Komanda günü-gündən daha yaxşı formalaşır, taktikaya daha yaxşı uyğunlaşırıq. Gələcək zamanda fərqli, hamı daha yaxşı "Karvan-Yevlax" görəcək.
- Azər Haşımovdan futbolçular da narazı idi? Hətta bir matçda komanda yoldaşınız əvəzetmə olunsa da, buna razılıq vermədi. Haşımovdan narazı idiniz, yoxsa Kənan Kərimovdan?
- Yox, əlbəttə ki, Azər müəllimlə də gözəl münasibətimiz var. Həmin vaxtı o məsələ də hər şey kənardan göründüyü kimi olmamışdı. Vüsal Məsimovun əvvəlcədən ağrısı var idi və özü əvəzlənmək istəyirdi. Sonradan isə dedi ki, sona qədər oynayacam. Məşqçilər korpusu da onu risk etməmək üçün əvəzetməyə getdilər. Amma Vüsal xarakter göstərdi və bildirdi ki, sona qədər oynayacam. Orada başqa məsələ yox idi. Azər müəllimin də xətrini çox istəyirik, üzərimizdə əziyyəti var. Kənan müəllimə gəldikdə, hələ də klubdadır, hər zaman da yanımızdadır.
- Növbəti turda “Karvan-Yevlax” “Neftçi” ilə qarşılaşacaq. İlk dövrədə onlara uduzmamısınız. “Neftçi”də baş məşqçi dəyişikliyi olub. Səncə, “Neftçi”ni Yevlaxda məğlub edə bilərsiniz?
- "Neftçi"yə qarşı da maraqlı matç olacaq. Evdə oynayacağıq. Yaxşı hazırlaşacağıq. İlk matçda da "Neftçi"yə uduzmamışıq. Demək ki, xal və ya xallar götürmək mümkündür. "Neftçi"də yeni baş məşqçisi dəyişikliyi olub. Bu da onlar üçün yeni motivasiyadır. Onlar da oyuna daha fərqli yanaşacaqlar. "Neftçi"yə də xallar hava-su kimi lazımdır. Ona görə bilirik ki, heç də asan olmayacaq.
- Qış fasiləsinə artıq 1 oyun qalıb. Bura qədər olan performansınızdan razısız, yoxsa aşağı səviyyədə çıxış etdiniz?
- Biz bugünkü olduğumuz yerdən razı deyilik, razı da ola bilmərik. Amma hər şey işləməklə olur. Hələ gec deyil, vaxtımız var. Qışda da vaxtımız olacaq. Hər şeyi dəyişmək özümüzdən asılıdır. Düşünürəm ki, daha çox üzərimizdə işləyib, performansımızı daha da yaxşılaşdıracağıq.
- Hazırda “Karvan-Yevlax” Premyer Liqadan düşəcək komandalar arasında əsas namizəd kimi göstərilir. Bu cür inamsızlıq sizə psixoloji təsir edir, yoxsa düşünürsən ki, istənilən halda Premyer Liqada qalacaqsınız?
- Premyer Liqanın sonuncu pilləsində yer almaq bizə də xoş deyil. Amma yenə deyirəm, bu, son deyil. Mövsümün son oyununa qədər mübarizə aparacağıq. Komandanı Premyer Liqada saxlamaq özümüz üçün də vacibdir. Onun üçün də çox çalışıb, ən yaxşısını edəcəyik. Bu klub uzun illər Premyer Liqada olmayıb. Hər şeydən əvvəl, komandanı Premyer Liqada saxlamağı Yevlax fanatlarına borcluyuq.
Mirbağırağa
