"Qarabağ" ölkə futbolunda daha bir tarix yazdı. Çempionlar Liqasında pley-off. "Qarabağ" turnirin ən böyük sürprizi oldu. Bizə bab göstərilən komandalardan nə "Pafos", nə də "Kayrat" "24-lük"də yer ala bildi. Liqa mərhələsində üz-üzə gəldiklərimizdən "Atletik", "Napoli", "Ayntraxt", "Kopenhagen", "Ayaks" da çıxa bilmədi pley-off mərhələsinə.
"Qarabağ" tapşırığın öhdəsindən layiqincə gəldi. Amma Qurban Qurbanov dünən çox məyus görünürdü. Haradan baxsan, altı cavabsız qolla məğlub olmaq ağır gəlir adama. Rəqib dünyanın ən güclü komandalarından biri olsa da...
Nə qədər çətin olsa da, reallığı qəbul etməliyik. "Liverpul" ilk "8-lik"də yerini təmin etsəydi, Arne Slot daha çox ikinci heyət üzvlərinə güvənsəydi, daha yaxşı müqavimət göstərmək olardı onlara. Lakin Ekitike, Salah və başqaları var gücüylə oynayırsa, bu, artıq "Qarabağ"ın çox-çox üstündə olan səviyyədir. Bəlkə də daha kiçik hesabla məğlub olmaq mümkün idi. Lakin buna görə "Qarabağ"ın futbolçularını qınamaq da olmur. İlk dəqiqələrdən yüksəkdə "gegenpressinq" tətbiq edən rəqibin təzyiqini adlaya bilmədilər. Güc nisbəti çox fərqliydi...
Qurban Qurbanov, heyfislənmə, böyük adam! Bu yolda məğlubiyyətlər qaçılmazdır. Bəzən irihesablıları da olur. Əsas odur ki, "Qarabağ" yenə futboldan xoşbəxt olmayan xalqı sevindirməyi bacardı. Avropada bu "Qarabağ"ı tanıyırlar, bu "Qarabağ"la hesablaşırlar.
Həmid
saytlarin hazirlanmasi
