Diniyev qapıçını günahlandırdı

22:35 - 2 Noyabr 2013

"O, kişi kimi oyuna çıxdı və sona qədər mübarizə apardı"
 
"Komanda yaxşı oynadı. Həm topa nəzarət etməkdə, həm sürətli hücumlar qurmaqda istədiyimizi edə bilirdik".
 
Sportal.az xəbər verir ki, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Şahin Diniyev deyib..
Təcrübəli mütəxəssis Premyer Liqanın XII turunun “İnter”lə oyunundakı 2:3 hesablı məğlubiyyətə şərh verib: “Müdafiədə asan qollar buraxırdıq, bu da komandanın uğurlu çıxışına maneə olurdu. Bu gün futbolçular barədə heç bir mənfi fikir söyləmək istəmirəm. Futbolçuların bu günə olan potensialı, fiziki durumu yaxşı olmasa da son dəqiqələrə qədər mübarizə apardılar. Komandamla fəxr edirəm, bunu deməyə utanmıram”. 

Diniyev buraxılan qollarda qapıçını günahlandırıb: “Qapıçımızın hər üç qolda səhvləri oldu, qapıçı meydançasında topları götürə bilərdi. Bu cür səhvləri də aradan qaldırmalıyıq. Qol epizodları yaratdıq, Varea iki dəfə fərqlənə bilərdi. İkinci hissənin əvvəlində ikinci qolu vursa idik oyun heç-heçə başa çata bilərdi. Oyunun gedişini dəyişmək üçün ehtiyat qüvvəmiz yoxdur. Bugünkü durumda Sapela digər qapıçılarımızdan daha güclü olduğu üçün əsas heyətdə meydana çıxır. Aqil Nəbiyev iki gündür ki, xəstədir, oyundan öncə də sağlıq durumu yaxşı deyildi. Heç nəyə baxmayaraq, kişi kimi oyuna çıxdı və sona kimi mübarizə apardı”.

Xəbər xətti