Rəşad Sadıqov: "Rəqibin qolları uğurlu alındı"
“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun Sportal.az-a müsahibəsi
- Matçın sonlarına yaxın “Qəbələ”nin bu cür fəallaşacağını gözləmirdiniz?
- Fikrimcə, azarkeşlər üçün maraqlı və həyəcanlı oyun oldu. Təsəvvür edin, 70-ci dəqiqəyə qədər 4:0 hesabı ilə irəlidəyik, hər şey yaxşı gedir. Qəfildən rəqib uzaqdan iki zərbə endirdi və hər ikisi “doqquzluğ”a düşdü. Bir anda hər şey dəyişdi. Rəqibdə özünəinam artdı, bizimkilər isə nəticəyə görə narahat olmağa başladılar. “Qəbələ” üçüncü qolu vurduqdan sonra həyəcan daha da artdı. Onlar uzun ötürmələrdən istifadə etməyə başladılar. Biz də 3 xalı əldən verməmək üçün sona qədər mübarizə apardıq.
- Azarkeşlər üçün maraqlı oyun olsa da, sizin üçün həyəcanlı sonluq alındı...
- Bu hadisənin baş verməsinə sevinirəm. Bir neçə oyundur rahat qələbə qazanırdıq. Bu gün həmin rahatçılığın güdazına gedəcəkdik. “Qəbələ” ilə oyunun son 20 dəqiqəsində baş verənlər bizim xeyrimizə oldu.
- Bu sırf rahatçılığın nəticəsi idi, yoxsa yorğunluq da var idi?
- Rəqibin qolları uğurlu alındı. Rahatçılıq, bura yorğunluğu da əlavə etsək, oyunumuz pozuldu.
- Nikolas Gelaşvilinin əvəzlənməsindən sonra rəqib müdafiəsi sanki rahatlaşdı. Artıq irəli çıxmağa başladı. Bəlkə onun meydandan çıxması yanlış idi?
- Bu haqda heç nə deyə bilmərəm.
- Son 5 dəqiqədə az qala qələbəni əldən verəsiniz. Niyə toparlana bilmədiniz?
- Futboldu, 4 top fərqi ilə irəlidəsən, topa nəzarət edirsən. Gözlənilmədən rəqib 2 uğurlu qol vurdu. İrəli atıldılar, biz isə müdafiə olunurduq. Fiziki baxımdan çox güclü komandadır. Yuri Syominin gəlişindən sonra komandada peşəkarlıq bir qədər də artıb. Bu hiss olunur. Biz isə arxayınçılığın cəzasını çəkdik.
- Turun son oyunu idi. Əvvəlki qarşılaşmaların nəticələrinin bilinməsi sizdə təzyiq yaratmışdımı?
- Oyunun gedişi göstərdi ki, komandada təzyiq yoxdur. Amma rəqiblərinin qələbə qazandığını bilirsənsə, bu istər-istəməz təzyiq yaradır.
saytlarin hazirlanmasi