Elnur Abdullayev: "Xəzər Lənkəran"da nəsə çatmır" MÜSAHİBƏ

13:02 - 12 Noyabr 2013

"Biz özümüz də şoka düşürük"
 
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev Sportal.az-a müsahibə verib. Futbolçu “ağ yaşıllar”ın uğursuz çıxışı barədə fikirlərini bildirib. Abdullayev həmçinin komandanın qol şanslarından istifadə edə bilməməsi haqqında danışıb. Həmin müsahibəni təqdim edirik:
 
- Bu oyunda da qələbə qazana bilmədiniz...
- Artıq neçənci oyundur ki, biz xallar itiririk. Meydanda rəqiblərimizdən daim üstün olsaq da, qol vura bilmirik. Bu qədər şansdan istifadə etməməmyin səbəbini tapmaq olmur. Düzdür, mən qismətə inanan insanam, qismətdir nəticələr belə olur. İkinci hissədə ümumiyyətlə meydanda bir komanda var idi, o da “Xəzər Lənkəran”. Amma yenə də top qapıya girmək istəmirdi. İnanırsız, özümüz də şoka düşürük. Bunun səbəbini axtarıb tapa da bilmirik. Bu oyunda da hamı gördü ki, rəqibimizdən üstün idik. Qismətdir, qələbə qazana bilmirik. Qarşıda hələ oyunlarımız var. Artıq mütləq qələbələr qazanmalıyıq.
 
- “Qarabağ” və “Neftçi” ilə oyunlarda olan böyükhesablı məğlubiyyətlər bu oyuna da təsir elədi?
- Ola bilər. Həmin oyunlara da yaxşı başlamışdıq. Hər iki oyunda matçın əvvəlində rəqibdən üstün olmuşduq meydanda. Amma sonradan mənasız qollar buraxdıq. Bu qollar oyunumuza təsir etdi. Böyükhesabla məğlub olduq. Nəsə çatmır komandada. Düşünürəm ki, bir qələbə bizi bu sindromdan çıxaracaq. 
 
- “Xəzər Lənkəran”ı autsayderlər sırasında görmək azarkeşləri özündən çıxarıb...
- Bu təkcə azarkeşləri deyil, bizi də özümüzdən çıxarıb. “Xəzər Lənkəran” bu yerə layiq deyil. Həmçinin komanda yaxşı oyun göstərə bilməsə, yenə də razılaşmaq olar. Axır biz bu cür oyun göstəririk. Meydanda rəqiblərimizdən üstün oluruq, amma qol vura bilmirik. Oynadığımız oyunla bu yerə layiq deyilik. Komandalar var ki, futbol oynaya bilmir, amma yuxarı yerlərdə qərarlaşıb. Belə qismətmiş. Amma qarşıda mütləq qalib gəlməliyik. 
 
- Azarkeşlər artıq Toşakı istefaya səsləyirlər...
- Bu işə qarışmıram. Azarkeşlər azaddırlar, onlar hər istədiyini deyə bilərlər. Bu söhbətə futbolçular qarışa bilməz. Bizim işimiz meydanda oyunumuzu oynamaqdır. 
 
- Lənkəran stadionu neçə illərdir ki, belə vəziyyətdədir. Bir az yağış yağan kimi stadion bərbad hala gəlir. Bəlkə bu gün qol vurmağınıza elə stadion mane oldu?
- Düzdü, stadion çox bərbad idi. Belə stadionda futbol oynamaq olmur. Top meydanda getmirdi. Ötürmə vermək çox çətin idi. Sadəcə hava ötürmələri ilə oynamaq lazım idi. Amma neynəmək olar ki? Yağış yağmışdı və qazon pis hala düşmüşdü. Qarşıdakı oyunlara baxacağıq. 
 
- Növbəti oyununuz “Bakı”ya qarşıdır. Bu rəqib üzərində evdə qələbə qazanmısız...
- “Bakı” yaxşı komandadır. Onlar da yeni baş məşqçinin başçılğı altında yaşı oyun nümayiş etidirilər. Amma biz evdə onları məğlub etmişdik. Bu dəfə səfərdə oynayacağıq. Çətin oyun olacaq bizim üçün. Qalib gəlməyə, 3 xal qazanmağa çalışacağıq. Artıq qələbə qazanmaq lazımdır ki, ardı gəlsin. 
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti