"Saşa Stamenekoviç qapısını tərk etməməli idi"

14:12 - 13 Noyabr 2013

Hüseyn Məhəmmədov: "Pantiç nə üçün Elxan Əhmədovu "yandırır"
 
 
Ötən tur qapıçıların səhvi ilə yaddaqalan tur oldu. Buna misal olaraq Spaela, Anar Nəzirov, Saşa Stamenekoviç, Pavel Doroşev,Elxan Əhmədov etdiyi səhvlərlə yadda qaldılar. Millimizin və “Neftçi”nin sabiq qapıçısı Hüseyn Məhəmmədov Sportal.az-a açıqlamasında qapıçıların buraxdıqları səhvləri belə analiz edib:
 
 
“Anar Nəzirovun buraxdığı qolda onun kobud səhvini qeyd etmək düzgün olmazdı. Həmin epizodda müdafiəçilər qapıçının qarşısını bağlamışdılar. Məsafə uzaq olduğundan qolkiper o zərbəni gözləmirdi. Hardasa bir qədər diqqətli olsaydı, Anar topu çıxara bilərdi. Ola bilsin ki, həmin zərbə anında Nəzirov hazır deyildi. Onun səhvi budur ki, elə məsafədən zərbəni gözləmirdi. Lakin qapıçı hər an uzaqdan gələn zərbələrə hazır olmalıdır”.
 
“Sapelanın buraxığı qola gəlincə, kobud səhvə yol verdi. Demək olar ki, qapıçı “Rəvan”ın 3 xalını əlindən aldı. Sapela kimi qapıçı belə səhvə yol verməməli idi. Özü də legioner qapıçıdır və komandanın ona böyük ümidi var. Bundan əvvəlki oyunda da “İnter”dən buraxdığı qollarda səhvi var idi. Sapela həmin anda daha inamlı oynayıb yumruqları ilə kənara çıxmalı idi. Sözsüz ki, hava şəraitinin pis olduğu halda topu tutmaq çətin olur. Ona görə də, topu yumruqları ilə çıxartmalı idi. O iki fikir arasında qaldı və səhv etdi. Onun buraxdığı qol çox qəribə alındı”.
 
“Biz də vaxtı ilə gənc olmuşuq və bu yolu keçmişik. Ancaq gənc yaşlarımızda baş məşqçi bizi belə oda atmırdı. Hardasa yetişə-yetişə belə ağıryüklü oyunların altına sonradan girmişik. Qapıçı çərçivəni hiss etməli və daha sonra belə vacib oyunlara çıxmalıdır. Ona görə də Elxan Əhmədovun yetişməsi üçün zaman ehtiyacı var. Əvvəlcə onu ortabab oyunlarda oynatmaq lazımdır ki, onun güclü komandalara qarşı oynamaq inamı artsın. Milinko Pantiçi başa düşmürəm. Belə bir gənc qapıçını nəyə görə “yandırır”. Axı qarşısındakı çempion olmuş “Neftçi” komandası idi. Hiss olunurdu ki, gənc qapıçı həyəcan keçirirdi. Onun buraxdığı səhvlər də həyəcandan irəli gəlirdi. Bu gənc qapıçının gələcəyinə də xeyir gətirəcək bir şey deyil. Odur ki, “Bakı”nın məğlubiyyətində qapıçının böyük rolu oldu. Yenə də deyirəm ki, bu Pantiçin öz fikridir və özü bilər. Bu oyunda Pantiç qapını Aqil Məmmədova tapşırsaydı, bəlkə də “Bakı” uduzmazdı. Onun qapıda olmaması mənə qaranlıq qaldı. Pantiç riskə getdi. Aqil millinin qapıçısıdır və kobud səhvlər etməzdi”.
 
“Saşa Stamanekoviçin qırmızı vərəqə alması kobud səhv idi. O çərçivəni tərk etməməli idi. Həmin epizodda Mitreski Rauf Əliyevə mane olurdu. Saşanın qapısını tərk etdiyini görüb müdafiəçi dayandı və nəticə Rauf topu oğurladı. Stamenekoviç qırmızı vərəqə almaqla komandasını pis vəziyyətdə qoydu. Bilmək olmazdı ki, sonra nə olacaq. Nə yaxşı ki, komandası qələbə qazandı. Məğlub olsaydı, təbii ki, günahlar Saşada görüləcəkdi”.
 
“Doroşevə gəlincə isə, onun buraxdığı qolda səhvi var idi. Bundan ondan irəli gəlir ki, Doroşevin oyun təcrübəsi yoxdur. Bu qapıçı bizə yad deyil. Onun “Qəbələ”də necə dayandığını görmüşük. Lakin oyun təcrübəsizliyi ucbatından onun belə səhv etməsi yolverilməzdir”.
 

Xəbər xətti