"Komandada Nildonun yeri görünür" MÜSAHİBƏ

18:45 - 14 Noyabr 2013

Fikrət Hüseynov:"Hamımız klub üçün xidmət edirik"
 
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun Sportal.az-a müsahibəsi
 
- AZAL bu mövsüm qeyri-stabil heyətlə meydana çıxır. Bunun səbəbi nədir?
- Baş məşqçi kimi heyətə daxil edirsə, “Qəbələ” ilə oyunda çıxıb 90 dəqiqə öz oyununu oynamalıdır. Hər futbolçunun öz vaxtı var.
 
- Komandanızda ehtiyat qüvvə çox azdır. Bu fikirlə razılaşırsınızmı?
- Bəli, razılaşıram. Famenkonu transfer pəncərəsinin bağlanmasına 5-10 gün qalmış transfer etdik. Ancaq biz  Borqun transferində yanıldıq. Bizə yüz faiz hücumçu lazım idi. Biz onu 2-3 məşqlə komandaya daxil etdik. Bu da düzgün addım deyildi. Komandaya yüz faiz hücumçu lazımdır. Famenko hücumçu ola-ola oynamırsa, başqa birisi onun mövqeyində oynayırsa, biz onun haqqında fikirləşməliyik. Mənə elə gəlir ki, bizə güclü hücumçu lazımdır.
 
- Qışda AZAL-ın heyətində yeni futbolçular görə biləcəyik?
- Məncə, heyəti daha da gücləndərməliyik. Azı 2-3 yeni futbolçu ilə boşluqları doldurmağa çalışacağıq. Bu məslələri baş məşqçi daha yaxşı bilər.
 
- Bildiyimiz kimi, AZAL-ın hədəfi Avroliqalara düşməkdir. Ancaq ilk iki yerlər, “Neftçi” və “Qarabağ” sizdən xeyli aralanıblar..
- Bəli, bizim məqsədimiz Avroliqada çıxış etməkdir. Biz hər oyundan qabaq oyunçulardan maksimum nəticə istəyirik. Onlar da meydana çıxıb əllərindən gələni edirlər. Biz indiki komandadan doxsan beş faiz razıyıq. Çünki komandanın bacardığı budur. Taktiki və fiziki cəhətdən komanda meydanda canlarını qoyurlar. Meydançada daha çox istəkli olan bizim komanda olur.
 
- AZAL-ın büdcəsi digər komandaların büdcəsindən aşağıdır. Ancaq komanda kollektiv olaraq vuruşur..
- Komanda var-gücü ilə vuruşur, onlar məğlub olandan və ya heç-heçədən sonra futbolçuların üzündəki problemləri görürük. Biz özümüzü heç kimdən zəif saymırıq. “Qarabağ”la heç-heçə oynasaq da, belə oyun komandaya inam verir. Komandada qol vuran maşın yoxdur. Bəzən 5-6 hücum edirsən, amma zəif komanda bir hücum da qolu vura bilər. “Qarabağ”la oyunda Şəhriyar Rəhimovun oyunundan da razı qaldım.
 
- Bir sözlə, Nildonun yeri görünür?
- Bəli, Nildo həm çox gözəl futbolçu, həm də yaxşı insan idi. İndi Lənkəranda hələ tam açılmayıb. Bizə gələndə də, ilk oyunda yaxşı oynamadı, daha sonra isə futbolçunun ayağı açıldı. Hücumçu top vurmalıdır, komandanın oyun üslubuna uyğun olmalıdır.
 
- AZAL bu mövsüm Avroliqaya vəsiqə qazana biləcəkmi?
- Bizim məqsədimiz ilk pillələrdə olmaqdır. Ancaq bilmək olmur, futboldudur da. Mənə elə gəlir ki, komanda avrokuboklara vəsiqə qazanacaq. Biz qış transferində komandanı daha da gücləndirib, üçüncü dövrəyə tam hazır olacağıq. Komandadan, komanda daxili münasibətdən razıyıq. Razı olmasaq, öz xəbərdarlığımızı edərdik. Bizim hal-hazırda bir devizimiz var: “Hamımız klub üçün xidmət edirik”
 
Şahin Oğuz

Xəbər xətti