"Azarkeşlərin Azərbaycanı təhqir etməyə haqqı çatmır" MÜSAHİBƏ

12:16 - 16 Noyabr 2013

Vaqif Cavadov:"İlk yarıdakı oyunumuzla məğlubiyyətə layiq deyildik"
 
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun   Estoniya ilə matçdan sonra müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Estoniyaya məğlubiyyəti necə şərh edə bilərsiz?
- Yaxşı oynasaq da, məğlub olduq. Birinci hissədə daha yaxşı təsir bağışladıq. Amma fasilədən sonra heyətdə bəzi dəyişikliklər oldu və görünür bu, oyunumuz təsirsiz ötüşmədi. Mənim fikrimcə, layiqli mübarizə apardıq.
 
- Yığmamızın hücum xəttinin oyunu alındı?
- Qol vəziyyətlərimiz oldu. Deməzdim ki, alınmadı. Bizim müdafiə xəttimiz də yaxşı təsir bağışlayır. Lakin hərdən səhvlər buraxırıq.
 
- Bəs bu səhvləri aradan qaldırmağa nə mane olur?
- Hər bir futbolçu hər oyuna maksimum məsuliyyətlə yanaşmalıdı. Bu məğlubiyyətdən dərs çıxarmalıyıq.
 
- Sizə elə gəlmir ki, rəqib ikinci hissədə daha yaxşı təsir bağışladı? Oyundan sonra Dmitri Kruqlov da söylədi ki, hesab oyuna görədi...
- Bu fikirlə razı deyiləm. Ola bilər ki, onların qol vəziyyətləri bizimkindən bir qədər çox oldu. Amma ilk yarıdakı oyunumuzla məğlubiyyətə layiq deyildik.
 
- Sizin yerli azarkeşlərlə aranızda problem yaşandı. Nəyi bölüşə bilmirdiniz?
- O, təkcə məni yox, bütün komandanı təxribata çəkirdi. Axırda dözə bilmədim və ona cavab verdim. Ondan sakitləşməsini tələb etdim. Çünki bu, futboldu, belə təhqirlərə ehtiyac yox idi.
 
- Peşəkar futbolçunun oyun zamanı azarkeşə cavab verməsi nə dərəcədə düzgündü?
- Burada hər şey tam fərqli oldu. Birincisi, mən ona oyun zamanı cavab qaytarmadım. Zədə aldığım vaxt fasilə yaranmışdı. İkincisi, onun dayanmadan səsləndirdiyi təhqirlər bəlkə efirdə də eşidilirdi. Onun bütün futbolçularımızı, ölkəmizi təhqir etməyə haqqı yox idi.
 
- Bəs 5 min azarkeş hamısı söysəydi, onlara da cavab verəcəkdiz?
- Axı onların sayı beş min deyildi. Bütün stadionun belə təhqirlər etməsi mümkün deyildi. Uzağı nəyəsə etiraz edə bilərdilər. Ümumiyyətlə mənə elə gəlir ki, azarkeşlərin ölkəni təhqir etməyə haqqı çatmır.
 
- Məşqçiləriniz, komanda yoldaşlarınız bu məsələ ilə maraqlanıblar?
- Xeyr. Təkcə siz soruşmusuz.
 
azerisport.az

Xəbər xətti