Adət-ənənənin "qurbanı": "Araz-Naxçıvan" YAZI

17:08 - 20 Noyabr 2013

Bunlar "Araz-Naxçıvan" etməli deyil!
 
Adət-ənənənin "qurbanı": "Araz-Naxçıvan"
 
Müstəqillik dönəmində müstəqil olmağı belə bacarmayan Azərbaycan futbolunda bir az qəribə, bir az da ənənə halını almış bir adət var. Çempionat ərəfəsində lider olan və ya nisbətən yaxşı təsir bağışlayan komanda hakimləri almaqda, onlarla işləməkdə günahlandırılır, ittiham edilir. Deyilənlər qarşısında isə komandalarımız sadəcə susmağa üstünlük verirlər. Susduqca da bu işlərin sanki olurmuş kimi mənzərəsi qəzet, sayt səhifələrində qarşımıza çıxır. Təbii ki, olmayan bir şey haqda kimisə ittiham etmək, kimisə günahlandırmaq jurnalistə, jurnalistikaya ləkədi. Bunu bilə-bilə etməyə isə ad vermək daha çətindi.
 
Bunlar “Araz-Naxçıvan” etməli deyil!
 
İttihamlar fonunda gizlənmək və ya yayılan şaiyələri cavablandırmamaq əslində, Azərbaycan futbolunda yeni hadisə deyil. Yeni olmayan bir şey barədə uzun-uzadı nəsə yazmağa, kiməsə nəyisə sübut etməyə ehtiyac da yoxdu. Sadəcə bu fonun arxasında nələrin gizləndiyini ictimaiyyətə düzgün çatdırmaq daha məqsədəuyğundu. Odu ki, cari mövsüm I Divizionda baş verən hadisələri gözümüz gördüyü qədər sizlərə çatdırmaq yaxşı olardı.
Hazırda ölkənin bütün qara buludları “Araz-Naxçıvan”ın üzərində dayanıb. Niyə? Muxtar respublika təmsilçisi çempionatın vahid lideridi və geridə qalan 10 tur ərzində məğlubiyyət üzü görməyib. Elə “qırmızı-ağlar”ın məğlub olmaması söz-söhbətlərin də yaranmasına səbəb olub. Deyilənə görə, Naxçıvan klubunun rəsmiləri geridə qalan turlar ərzində yalnız bir dəfə hakimlə bağlı öz etirazlarını bildiriblər. “Mil-Muğan”la heç-heçədə klubun meneceri Tahir Əliyev hakim səhvləri ilə bağlı öz fikirlərini bildirmişdi. Haqlıdı, çünki həmin görüşdə Anar Niyazovun hansı hoqqalardan çıxdığını yalnız orda olanlar görüb. Ümumiyyətlə, baxılmayan bir şey haqda fikir bildirmək ən azında insanın özünə, ən əsası peşəsinə olan hörmətsizlikdi. Bu matçda Niyazov tam olaraq fərqli oyun idarə etdi. İmişlidə keçirilən görüşdən sonra bir çox saytlar haqlı olaraq referinin hoqqaları barədə məlumatlar yaydılar. Çünki onlar ən azından oyunun video-lentinə baxmışdılar.
MOİK-lə keçirilən oyundan sonra “Araz-Naxçıvan”a qarşı ittihamlar geniş vüsət almağa başladı. Hələ Naxçıvanda “Bakılı” ilə baş tutan görüşün ardınca rəqibin baş məşqçisi Rakif Əliyevin dediyi sözlər bu hadisələrin baş qaldırmasına səbəb olmuşdu. Guya Bakı təmsilçisi Naxçıvanda yaxşı qarşılanmayıb, onlar yedikləri yeməyə daha çox pul xərcəyiblər (20 nəfərdən artıq olublar və yeməyə 120-130 manat pul ödəyiblər), hava limanında çox gözləyiblər. Bunları “Araz-Naxçıvan” etməli deyil, hörmətli klub rəsmiləri! AFFA çempionatdan öncə I Divizion klublarının bütün xərclərini çəkəcəyini öz öhdəliyinə götürüb. Sadəcə, Naxçıvan təmsilçisi hörmət əlaməti olaraq gələn qonaq komandaları qarşılayır və onların baş verə biləcək bütün problemlərini həll edir. Digər tərəfdən, Naxçıvana üz tutan komandaların bəziləri oyun günü getdiklərindən şikayətlənirlər və məğlubiyyəti bununla əlaqələndirirlər. Normal klublarda adətən menecerlər fəaliyyət göstərir və onlar komandalarının səfər matçlarında problemlə üzləşməməsi üçün öncədən qonaq gedəcəkləri yerdə bütün məsələləri sivil qaydada həll edilər. Əgər hansısa bir klubun meneceri öncədən Naxçıvana gəlib komandaya aid olan məsələləri yoluna qoymursa, bu nə AFFA-nı, nə də “Araz-Naxçıvan”ı maraqlandıran məsələdi. Bu ancaq həmin klubun qeyri-peşəkar olmasının göstəricisidi.
 
Rəqiblər niyə stadion vermir?
MOİK-lə matçın son dəqiqələrində verilən penalti hadisələrin partlamasına səbəb oldu. Ortaya çıxan ittihamların fonunda isə “Araz-Naxçıvan”ın hakimlərlə “işlədiyi” yönündə oldu. Bilməyənlər üçün bir daha xatırladaq ki, bu görüşün baş hakimi Anar Salmanov idi. O Salmanov ki, hazırda hakim baxımından pis vəziyyətdə olduğu deyilən Azərbaycan futbolunda barmaqla göstərilir, bütün mübahisəli epizodlarda jurnalistlər münasibət öyrənmək üçün ilk olaraq onun fikrinə üstünlük verirlər. Nisbətən beynəlxalq arenada tanınan bir hakim adi I divizion oyununda heç vaxt özünü “yandırmaz”, karyerasının üstündən “qara xətt” çəkməz. Anar Salmanov cari mövsümdə 3 dəfə muxtar respublika komandasının oyununda fit çalıb ki, bunların da hamısında “qırmızı-ağlar” qələbə qazanıblar. Rəqiblərə gəlincə, Naxçıvan təmsilçisinin “qurbanları” “Turan-T”, “Göyəzən” və MOİK-di. Xüsusilə, sonuncu görüşün son dəqiqəsində vurulan qol Salmanovun Naxçıvan klubuna simpatiya bəslədiyi fikirlərinin ortaya çıxmasına zəmin yaratdı.
Azərbaycan futbolunda çempionata liderlik edən komandanın adının hakimlərlə birlikdə çəkilməsi artıq bir tendensiyadı. “Araz-Naxçıvan” hakimlərlə bağlı bir etiraz etmirsə, bu o demək deyil ki, klub rəsmiləri referilərdən şikayətçi deyillər. Sadəcə, başda Əsgər Abdullayev olmaqla, klub rəsmilərinə hakimlərin işinə müdaxilə etməmək tapşırılıb. Yalandan hay-küy salıb ortalığı qızışdırmaqdansa, normal qaydada – oyunda sonra etirazları protokola qeyd etməyin vacibliyini klub rəsmiləri yaxşı anlayır. Mətbuata açıqlama verməklə, oyunda hakimlərin üstünə bağırmaqla nəyisə həll olunacağına yalnız qeyri-peşəkarlar inana bilər. Elə MOİK-lə oyundan söz düşmüşkən, bir nüansı qeyd etmək yerinə düşərdi. Qaydalara görə, oyundan bir gün öncə meydan sahibləri qonaq komandaya məşq etmək üçün şərait yaratmalıdı. Ancaq MOİK rəsmiləri “Araz-Naxçıvan” üçün bu etməyiblər. Əvəzində muxtar respublika təmsilçisi vəsait xərcləyərək oyundan öncə “Neftçibaza”da məşq edib.
“Araz-Naxçıvan” niyə bütün oyunlarda üstündü? Bunun cavabı çox sadədi, bəylər. İlk olaraq, 1-2 şəxs istisna olmaqla, Naxçıvan təmsilçisinin oyununu stadiondan izləyən olmayıb. Odu ki, komandanın necə oynadığı və ya rəqibi necə məğlub etdiyi barədə fikir bildirmək yersizdi. Digər tərəfdən, I Divizionda çıxış edən 16 komandanın heyətlərinə nəzər yetirin, xüsusilə, “Araz-Naxçıvan”ın. Məqsədimiz digər klubların uğuruna kölgə salmaq və futbolçuları barədə mənfi fikir söyləmək deyil. Sadəcə, çempionluq uğrunda mübarizə aparan bir komanda heyətini də normal şəkildə formalaşdırmalıdı. 23 nəfərlik heyətdə 10 futbolçudan çoxunun Azərbaycanın millisinin müxətlif yaş qruplarında çıxış etməsi bunun cavabı deyil?
 
Elvin Məmmədov
 
P.S.: Bu arada, Muxtar Respublika klubunun adı belə yazılır: “Araz-Naxçıvan”. “Araz” və ya “Araz Naxçıvan” kimi yox.

Xəbər xətti