Çempionatda balansı kim pozacaq:"Bakı" yoxsa, "Xəzər Lənkəran"?

23:22 - 20 Noyabr 2013

Mərkəzi oyunun statistikası
 
Milli komandaların oyunları ilə bağlı yaranan fasilə sona çatdı.
 
Sportal.az xəbər verir ki, bu həftə “Xəzər Lənkəran”ı növbəti paytaxt səfəri gözləyir.
"Ağ-yaşıllar" cümə günü “Bakı”nın qonağı olacaq. "Xəzər Lənkəran"ın rəsmi saytı bu oyun öncəsi maraqlı məqamları açıqlayıb.
 
Çempionatda balans
 
İndiyə qədər bu iki komanda ölkə çempionatında 25 oyun keçirib. Tərəflərin hərəsi 7 dəfə meydandan qalib ayrıldığı halda, ən çox qeydə alınan nəticə heç-heçə olub. “Xəzər Lənkəran” və “Bakı” 11 çempionat oyununda meydandan sülhlə ayrılıb. Vurulan qollarda isə cənub klubunun üstünlüyü var - 26:22.
 
Ağır səfər
Statistika “Bakı” ilə səfər oyunlarının “Xəzər” üçün çətin keçdiyini göstərir. Çempionat çərçivəsində bu rəqibin meydanında baş tutan 12 oyunda XL 7 dəfə heç-heçə edib, 4 dəfə məğlub və yalnız bir dəfə qələbə qazanıb.
 
Oxşar nəticələr
“Xəzər Lənkəran” və “Bakı”nın hazırkı mövsümdə son matçlarının statistikasında bir çox oxşarlıqlar var. Belə ki, hər iki komanda Premyer Liqanın son 5 turunda bir qələbə qazanıb, iki heç-heçə edib və iki dəfə məğlub olub.
Həm cənub, həm paytaxt klubu bu turlar ərzində yeganə qələbəni “Simurq” üzərində qazanıb. Bundan əlavə, bu həftə üz-üzə gələcək rəqiblər ötən beş matç ərzində yalnız bir dəfə qolsuz heç-heçə etməklə qapısını toxunulmaz saxlayıb.
 
Digər məqamlar
Geridə qalan turlar ərzində 7 dəfə qapısından 2 və daha çox qol görən “Bakı” digər tərəfdən çempionatda vurduğu qolların sayına görə yalnız “Qarabağ”dan geri qalır - 22.
Komandaların bu mövsüm 6-cı turda Lənkəranda baş tutan qarşılaşması “Xəzər Lənkəran”ın Premyer Liqada ilk qələbəsi, klub tarixində 400-cü çempionat qolu, Mbilla Etamenin ilk qolu və dublu ilə yadda qalmışdı.
 
14-cü tur
22 noyabr
 
14:00. “Bakı” - “Xəzər Lənkəran”.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Canlı yayım: “İdman Azərbaycan”.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.

Xəbər xətti