Sapela:"Özüm qapıçılarla işləyən məşqçimizlə bu oyuna ciddi hazırlaşmışdım"
“Rəvan” polşalı qapıçısı Lukaş Sapela Premyer Liqanın XIV turunun “Qarabağ”la görüşündən (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- "Qarabağ"la oyun haqqında nə deyə bilərsən?...
- Rəqib Azərbaycanın ən yaxşı klublarından biri idi. Bu komanda ilə oyuna 4 gün fiziki cəhətdən hazırlıq keçmişdik. Özüm qapıçılarla işləyən məşqçimizlə bu oyuna ciddi hazırlaşmışdım. Həmin hazırlıqların bəhrəsini gördük.
- Bu gün çempionatın lideri ilə oynayırdınız?
- “Qarabağ” taktiki-fiziki baxımdan güclü komandadır. Yaxşı baş məşqçisi, qapıçısı var. Bunu bizə baş məşqçimiz rəqibi təhlil edərkən demişdi. Sevindirici haldır ki, belə güclü rəqibdən xal almağı bacardıq.
- “Qarabağ”la ilk oyunda da bir xal qazana bilmişdiniz...
- “Qarabağ” və “Qəbələ” hazırkı çempionatın güclü komandalarıdır. Bu komandalara qarşı xüsusi motivasiya ilə oyuna çıxmağa ehtiyac yoxdur. Düşünürəm ki, belə oyunlarda qarşılaşmalara həddindən artıq köklənmə bizim uğur qazanmağımıza səbəb olur.
- Sizi bu oyunun qəhrəmanı adlandırmaq olar?
- Ola bilər (gülür).
- Mətbuat konfranslarından birində baş məşqçiniz Şahin Diniyev qışda 7 yeni oyunçuya ehtiyacının olduğunu, bunlardan birinin də qapı xətti ilə bağlı olduğunu bildirmişdi. Klubdakı yerinizi itirəcəyinizdən qorxmursunuz ki?
- Yox, bundan qətiyyən qorxmuram. Ümumiyyətlə, qapıçı qorxmamalı, əsəbi olmamalıdır. Belə olarsa, oyunu alınmaz. Qarşılaşma zamanı biz təmkinli olmalı, emosiyalarımıza nəzarət etməliyik. Əgər başında komandadakı dəyişikliklər varsa, onda sənin işin pis olacaq. Baş məşqçi heyətə yeni qapıçı gətirmək istəyirsə, deməli, əsas heyətdə rəqabət yaratmaq istəyir. Rəqabət isə peşəkar futbolçunun xeyrinədir.
saytlarin hazirlanmasi