Tahir Süleymanov: “Dördüncü çempionluq uğrunda yolumuzu sona qədər davam etdirəcəyik”
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun Sportal.az-a müsahibəsi
- Rəhim Həsənovun idarəçiliyi ilə bağlı nədən narazısınız?
- Bununla bağlı AFFA İntizam Komitəsinə şikayətimizi bildirmişik. Hakimlər Komitəsinin sədri Xəqani Məmmədova da yazılı məktub yollamışıq. Bu gün də bu məsələni yenidən qaldırmışıq. Söhbət məğlubiyyətdən getmir və mətbuat konfransında baş məşqçimiz Nazim Süleymanov bildirdi ki, “rəqibi təbrik edirik, məğlubiyyətə heç cürə haqq qazandırmaq fikrimiz yoxdu, hər kəsin öz işi var və komandanın oyunu məşqçilər korpusu tərəfindən təhlil olunacaq." Hakim Rəhim Həsənova gəlincə isə, bu hakim oyunun ilk dəqiqələrindən obyektivliyi unutmuşdu. Ardıcıllığa fikir versəniz, artıq oyunun 6-cı dəqiqəsindən başlayaraq bizim futbolçulara qarşı rəqibin 4, 19, 20 və 88 nömrəli futbolçuları açıq şəkildə qəddarlıqla məşğul idilər. Oyundan sonra isə məlum oldu ki, bir neçə futbolçumuz ciddi zədə alıb. Bütün bunlara göz yuman Rəhim Həsənov Flavinyoya qarşı ilk hissədən kobudluq edən futbolçular qırmızı vərəqə almadığı halda 63-cü dəqiqədə heç nədən Flavinyoya qırmızı vərəqə göstərdi. Belə hallara yol vermək olmaz. AFFA, PFL hakimlərin yaxşı səviyyədə olması üçün bütün lazımi tədbirlər görür. Ancaq belə hakimlik yolverilməzdir. Bir daha vurğulayıram ki, söhbət hər hansı bir məğlubiyyətdən getmir. Biz qalib gəldiyimiz oyunlarda da hakimliklə bağlı öz fikirlərimiz bildirmişik. Rəhim Həsənov gənc FİFA referesdir. O bunda sonra idarə edəcəyi oyunlarda belə hallara bir daha yol verməməlidir. Meydanda daha da sürətli və məzmunlu futbol görmək istəyiriksə, buna uyğun da hakimlik olmalıdır.
- Sizcə Flavinyonun epizodunda qırmızı vərəqə yox idi?
- Ümumiyyətlə o epizod olmamalı idi. Çünki 88 nömrəli futbolçu həmin dəqiqələrə qədər meydanda olmamalıydı.
- Oyundan sonra da ortalıq qarşıdı. Bəs burada günahkar kim idi?
- Biz qonaq komandayıq və özünüz də "Bakcell Arena"da oyunlarımızı izləmisiniz. Bu mövsüm öz meydanımızda "Bakı", Xəzər Lənkəran" "İnter" və digər klublarla da oyunlarımızı yüksək səviyyədə keçirmişik. Biz həmişə klubun rəsmi şəxslərinin meydanın hər bir yerində olması üçün oyundan əvvəl adlarını istəyirik ki, biz də buna uyğun olaraq xüsusi A buraxılışı hazırlayırıq ki, rahat hərəkət edə bilsinlər. Oyunda da baş vermiş hər hansı bir insidentə görə yerli komanda cavabdehdir. Belə halların baş verməsi heç bir kluba baş ucalığı gətirmir. Bilirsiniz ki, ev sahibi komandanın mühafizəçiləri soyunub-geyinmə otağının qarşısında olmamalıdır.
- Deyilənə görə aranın elə qarışmasına səbəb "İnter"in təhlükəsizlik xidmətinin nümayəndələri səbəb olub ...
- Tamamilə doğrudur. Əsasnamədə də bu göstərilib. Klubun mühafizə xidmətinin nümayəndələrinin soyunub-geyinmə otağına daxil olması qadağandır.
-Belə deyirsiniz ki, bu hadisələrin səbəbkarı "İnter" klubudur?
- Biz öz meydanımızda bütün komandalara qarşı bütün tədbirlərimizi yüksək səviyyədə təşkil edirik. Bunun üçün də stadionumuzda klub nümayəndələri üçün xüsusi olaraq A buraxılışı hazırlayırıq. Klublar ev oyunlarında təşkilati işləri yüksək səviyyədə görməlidir. “İnter”in heyətində “Neftçi” də çempion olmuş Ruslan Əmircanov və Slavço Georgiyevski çıxış edir. Ümumiyyətlə bu iki klub arasında hər hansı bir problem yoxdur. Xatırlayırsınızsa, Avropa Liqası oyunlarına hazırlıq dövründə biz öz stadionumuzu təmənnasız olaraq “İnter” klubuna təklif etmişdik. “İnter”lə oyundan sonra şəxsən özüm Ruslan Əmircanovu, Slavço Georgiyevskini və Vaqif Cavadovu təbrik etmişəm.
- Rəhim Həsənovun cəzalanmağını tələb edirsiniz?
- Söhbət məğlub olmaqdan getmir. Bir xüsusi məqamı qeyd etmək istəyirəm ki, bəziləri özlərinə bəraət qazandırmaq üçün deyirlər ki, hər hansı komanda zəif çıxış etdi, hücumçusu təkbətək epizoddan yararlana bilmədi, müdafiəçi səhv etdi. Bunun Hakimlər Komitəsində olan heç bir hakimə aidiyyatı yoxdur. Hər kəs öz işi ilə məşğul olmalıdır. Gənc hakimdi, FİFA referisidi. AFFA və PFL hər cür şərait yaratdığı halda belə hakimlər niyə özbaşınalıq edirlər? Fraqmentlərə bütün Azərbaycan baxsın və öz fikrini bildirsin. Mən inanmıram ki, Azərbaycanda hər hansı bir klub meydanda belə hakimliyi istəsin. Meydanda obyektiv hakimlik olmalıdır. Kim güclüdürsə o da qalib gəlməlidir. “Neftçi” son üç mövsümün çempionudur və bütün haqsızlıqlara baxmayaraq 4-cü çempionluq uğrunda yolumuzu sona qədər davam etdirəcəyik.
Ayaz İBRAHİMOV
saytlarin hazirlanmasi