Hacıyev "Poqon" məsələsindən və "Rəvan" qələbəsindən danışdı
Azərbaycan milli komandasının və “Qəbələ” klubunun futbolçusu Nizami Hacıyev "Rəvan"la oyundan sonra Sportal.az-a müsahibə verib.. Təcrübəli futbolçu son vaxtların gündəmdə olan “Poqon” məsələsinə aydınlıq gətirib.
- "Rəvan"la oyunda növbəti qələbənizi qazandınız...
-"Rəqibi analiz etmişdik. Bilirdik ki, etibarlı müdafiədə oynayan komandadır. Özlərində top saxlamağı və əks hücumlar qurmağı bacarırlar. Biz də onların bütün bu üstünlüklərini bilib, ona görə hərəkət etdik. Hesab edirəm ki, bu oyunda daha çox qol vura bilərdik, amma, bir qol da üç xal gətirir. Hesab edirəm ki, layiqli qələbə qazandıq."
- Bu həftə Polşanın “Poqon” klubunun düşərgəsində olmusan. Artıq demək olar ki, bütün məsələlər həll olunub?
- Demək olmaz ki, məsələ tam həll olunub. 80 faiz hər şey yolundadır. Bu gün həyatda 100 faizli heç nə yoxdur. Mənim “Poqon” klubunun rəhbərliyi ilə baş məşqçisi ilə danışıqlarım olub. Məşqçi mənim oyunumu bəyənib, hər şey yüksək səviyyədədir.
- Yəni, ilkin razılaşma əldə olunub...
- Demək olar ki, ilkin müqavilə var.
- Çempionatın gedişində nə yaxşı “Qəbələ” səni Polşaya buraxdı...
- Mən çempionatın gedişində yox, fasilə zamanı Polşada olmuşam.
- Bu dəfəki səfər baxış xarakteri daşımırdı?
- Əlbəttə ki, daşımırdı. Mən sadəcə komandanın oyununa baxdım, yüngül məşq elədim. Baxış isə 1 il bundan öncə olub.
- Hazırda “Qəbələ”nin əsas heyət oyunçususan. Maraqlıdır, “Qəbələ” səni buraxmaq üçün nə tələb edir?
- Mənim müqaviləmdə belə bir bənd var ki, əgər Avropadan təklif gələrsə, mən azad agent kimi kollektivi tərk edə bilərəm. Belə bir dəvət gəldiyi zaman həqiqətən də heç bir etiraz etmədilər.
- “Poqon” neçə illik müqavilə təklif edir və maliyyə şərtləri necədir?
- Müqavilənin müddəti barədə nəsə danışmamışıq. Maliyyə məsələsinə gəldikdə isə, mən Polşaya pul dalınca getmirəm, karyera qurmağa gedirəm. Bu gün mənim pula ehtiyacım yoxdur. Ehtiyacım odur ki, böyük futbolçu olum. 15 il sonra yada salanda deyim ki, mən bu kimi çempionatlarda oynamışam. Polşada 6 ay oynamağa getmirəm. Özümü göstərib, daha güclü çempionatlara yollanmaq fikrim var. Dediyim kimi, müqavilə 80 faiz həll olunub. Qarşıda tibbi müayinə var. Yəqin ki, dekabrın 20-dək hər şey həll olunacaq.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi