Və ya Anar Bəkirovun "Simurq" layihəsi
Futbolu ilk növbədə bölgələrə daşımaq lazımdır. Bu ifadə ölkəmizdə çox məşhur olsa da, əslində pafosdan başqa bir şey deyil. Tovuz, Gəncə, İmişli, Şəmkir, Yevlax kimi bölgələrin klubları 1-ci divizonda vaxt keçirirlər. Premyer Liqada isə bölgə klubları çox azdır. Bakıda oynayan “Qarabağ”ı hesaba almasaq, onların sayı üçdür – “Qəbələ”, “Xəzər Lənkəran” və “Simurq”. İlk iki klub haqqında mediada mütəmadi olaraq geniş məlumatlar yer alır. “Simurq” isə sirli qutudur.
Premyer Liqanın ortabablarından hesab olunan “Simurq” həmişə “İnter”in “qardaşı” kimi diqqət mərkəzinə düşüb. Bunu sübut etmək çətin olsa da, “Simurq” uzun müddət “hər şey “İnter” üçün” devizi ilə fəaliyyət göstərib. Son illər isə vəziyyət bir qədər dəyişib. Deyilənə görə, yuxarıdan (bu klublar eyni mənbədən maliyyələşir) tapşırıq gəlib ki, danışılmış oyunlar daha olmasın. Bu məlumatın dəqiq olduğunu müəyyənləşdirmək çətin olsa da, görünən odur ki, “Simurq” son zamanlar “İnter”dən xal ala bilir.
Ümumi götürsək, “Simurq”u uğurlu layihə hesab etmək olar. Kiçik büdcə ilə bölgədə mübariz komanda yaratmağa nail olublar. Məhz bu məqam zaqatalalı azarkeşlərin meydana axın etməsini şərtləndirir və Zaqatala futbol bölgəsi kimi qəbul olunur.
Klub prezidenti Anar Bəkirov media üçün yad sima hesab olunur. Tənqid olunduğu məqamlarda belə susqunluğa üstünlük verir. Onu futbol adamı hesab etməyənlər də var. Ancaq biz araşdırmalarımız nəticəsində bunun əksi ilə rastlaşdıq.
Anar Bəkirovun ucuz futbolçularla döyüşkən komanda yaratdığı heç kimə sirr deyil. Ancaq bu, mənzərinin görünən tərəfidir. Görünməyən tərəf isə daha vacib və daha məsuliyyətlidir.
Bazaya sahib olan “Simurq” infrastruktur qurmaq yolunda böyük addımlar atır. Əsas meydançanın örtüyü dəyişdirildi, yaxın zamanlarda əsas meydançanın arxasında yardımçı meydança salınacaq. Əsas vəzifə kimi bazanın həyətində böyük mehmanxana inşa etdirməkdir ki, bunun üçün münasib ərazi də var.
Anar Bəkirovun xüsusi önəm verdiyi sahələrdən biri də uşaq futboludur. Son illər Zaqatalada uşaq futbolunu qaldırmaq üçün böyük işlər görülür. Klub rəhbəri bu sahəyə tələb olunan vəsaiti yatırmaqdan çəkinmir. 10 yaşından başlayaraq bütün yaş qrupları ekipirovkalarla təmin olunub (ilk baxışdan bu məqam çoxlarına adi gələ bilər, ancaq “Simurq” bu yanaşmasına görə bir çox klubları qabaqlayır). 40-a yaxın uşağın bazada yaşayıb, qidalanması təmin olunub. U-19 və əvəzedici komanda üzvləri maddi məsələlərdə klubdan lazımı dəstək alır. Uşaq komandaların səfərlərə rahat şəkildə yollanması üçün 3 avtobus alınıb. Çatışmayan cəhət kimi savadlı kadrların azlıq təşkil etməsidir. Lakin yaxşı uşaq məşqçilərinə yalnız Zaqatalada deyil, bütün ölkədə ehtiyac var.
Mətbuat Departamentinin fəaliyyəti də ölkədə ən yaxşılardan hesab olunur. Mütəmadi xəbərlər, videolar, fotoqalereyalar, canlı yayımlar klub saytını aktual edir. Mətbuat katibi Rüstəm Allahverdiyev jurnalist bacarığı və fərdi keyfiyyətləri hesabına bu klub ətrafında pozitiv fikirlər yarada bilir. Əgər Anar Bəkirov ofis işçilərinin də əməyini layiqincə qiymətləndirirsə, o zaman onun orta büdcə ilə həyata keçirdiyi “Simurq” layihəsini uğurlu hesab etmək olar.
Şahin OĞUZ
saytlarin hazirlanmasi