Onlar daim sevir, Mənsimov fəxr edir! YAZI

08:21 - 2 Dekabr 2013

3 milyonluq "Xəzər Lənkəran" camiəsi haqqında
 
“Xəzər Lənkəran” 2004-cü ildə yarananda bəlkə də Azərbaycan futboluna bu qədər maraq gətirəcəyini, belə rəqabət yazacağını heç kim gözləmirdi. Yarandığı ildə çempionata bu qədər maraq gətirən komanda getdikcə daha ciddi rəqibə çevrildi. Mübariz bəyin cənub futboluna verdiyi bu töhfə ölkənin ən çılğın regionunda böyük çoşqu yaratdı. Artıq bu bölgədə futbolla nəfəs alanlar günü-gündən artırdı və bu indi də davam edir. Təsadüfi deyil ki, 2005-ci ildə Gəncədə keçirilən “Qızıl oyun”da 20 minə yaxın lənkəranlı azarkeş iştirak edirdi. 
 
İlk ildə gələn uğur cənublu fanatları daha da ruhlandırdı. Bundan sonra artıq özündən ən yüksək səviyyədə söz etdirə biləcək “Xəzər Lənkəran” camiəsi  futbolumuza yenilik gətirdi. Lənkəran təmsilçisi uğur qazandı və ya qazanmadı arxasında onu böyük tutacaq bir camiənin olduğunu unuda bilməzdi. İstə səfərdə, istərsə də doğma meydanda emosional, çılğın və komandaları canından çox sevən fırtınalı fanatlar öz damğasını hər oyuna vurmaqda davam edirdi. Elə bunun nəticəsi idi ki, “Xəzər Lənkəran” Mərkəzi stadionu “Fırtınalar meydanı” adlanmağa başladı. İstəniln rəqibi doğma meydanda şoka sala biləcək bu azarkeşlər komandalarına sadiqliyini daim nümayiş etdirirdi. 
 
Mübariz Mənsimov Türkiyə mətbuatına açıqlamasında “Xəzər Lənkəran”ın 3 milyon azarkeşi olduğunu dilə gətirib. Son iki ildə Azərbaycanda ən böyük camiəsi olan bu klubun acınacaqlı vəziyyəti azarkeşləri sarsıtsa da, onlar yenə də meydana gəlməkdə davam edirlər.  Bu azarkeşlər 3 milyonu artıq çoxdan geridə qoyublar. 
 
Mübariz bəy azarkeşlərin söyüş söymədiklərini bildirmişdi.  “Xəzər Lənkəran”ın fəxri-prezidenti azarkeşləri ilə bir növü fəxr etmişdi. Lənkəranlı azarkeşlər bu tərifdən daha çoxuna layiqdirlər. Mübariz bəy azarkeşlərini ucaltmışdı, onlar da klublarını daim uca tuturlar. Bu qədər uğursuzluğun fonunda cənublu fanatlar hələ də stadiona gəlməkdə davam edir və balaca da olsa, bir işıq ucu axtarırlar. Onların meydana gələndə üzlərinə baxarkən bir ifadəni anlamaq olur biz sadəcə sənə inanırıq “Xəzər Lənkəran”!
 
“Xəzər Lənkəran” ailəsi, azarkeşləri elə bir ailədir ki, onlar təkcə cənub  əhatə etmirlər. Ölkəmizin digər bölgələrində də bu komandanı sevərlərin sayı az deyil. Xaricdən belə bu komandaya kömək edə biləcək insanlar əllərindən gələni əsirgəmir.
 
  Toşakın gedişindən sonra maraqlı bir mənzərənin şahidi oldum. Yas yerindən qəbirstanlığa gedən insanlar yasdan deyil Toşakın gedişindən və Mustafa Dənizlinin gəlişindən danışırdılar. Bunu gördükdə bir daha anladım ki, cənubun nəfəsi “Xəzər Lənkəran”dır. 
 
Mübariz bəyin öz azarkeşləri ilə fəxr etməsi sevindirici haldır. Bu azarkeşlərə Mənsimov həmişə dəstək verməlidir, necə ki, 2004-cü ildə verdi.
 
Yusif HÜSEYN

Xəbər xətti