Elnur Allahverdiyev: "Kasıb əhali üçün 15-20 qəpik böyük puldu"

11:47 - 6 Dekabr 2013

"Onsuz da unun, şəkərin qiyməti artmışdı"

 

Ölkədə yanacağın qiymətinin artması əhali arasında narazılıqla qarşılanıb. Adi vətəndaşlarla yanaşı müxtəlif peşə sahibləri də bu məsələ ilə bağlı mövqelərini orta qoyublar. “Futbol+” qəzeti futbolçulardan bu məsələ ilə bağlı fikir öyrənib. Milli komandamızın və “Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyev qiymət artımına belə reaksiya verib:

 

“Nə olsun ki, futbolçuyam, məgər ölkədəki vəziyyəti təkcə özümlə ölçməliyəm? Xeyr, elə şey ola bilməz. Xalqımın problemi mənim problemimdi. Xəbəri eşidəndə bəlkə də ən çox mənim əhvalım korlandı. İnanın, deməyə söz tapmıram.

 

Məni yandıran camaatın vəziyyətidi. Neft istehsal edən ölkədə yanacağın qiymətinin artması normal qəbul oluna bilməz. Neftimiz, qazımız olmasaydı, yenə başa düşmək olardı. Nefti başqa ölkədən alsaydıq, belədə yanacağın qiymətinin 1-2 dollar olmasını anlamaq mümkün idi. Allah bizim ölkəyə hər cür sərvət bəxş edib. Adama təsir edən odu ki, bunu xəbərdarlıqsız etdilər. Səhər yuxudan oyandıq ki, yanacağın qiyməti artıb. Onsuz da unun, şəkərin qiyməti artmışdı. Bundan sonra bir az da artacaq. Kasıb əhali üçün 15-20 qəpik böyük puldu. Bu cəmiyyətin üzvü kimi mövcud vəziyyət məni çox narahat edir. 

Xəbər xətti